HEYDƏR ƏLİYEV FÖVQƏLBƏŞƏR İNSAN İDİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əvvəlcə Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra isə Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov 34 il ölkəmizə rəhbərlik etmiş Heydər Əliyevin doğma Vətəni və xalqı qarşısında misilsiz xidmətlərdən danışmışdır. O demişdir ki, Heydər Əliyev cismən bizdən ayrılan gündən indiyə qədər ölkəmizin hər bir guşəsində, eləcə də dünyanın bir sıra regionlarında keçirilən matəm mərasimləri, Fəxri xiyabana ziyarətə gələn və ardı-arası kəsilməyən insan axını o böyük şəxsiyyətə bəslənən tükənməz hörmət və ehtiramdan xəbər verir. Heydər Əliyev sadəcə şəxsiyyət deyil, o xalqın qəlbində əbədi yuva qurmuş və bütün dünyanın qəbul etdiyi tarixi şəxsiyyətdir. Akademik demişdir ki, fövqəladə enerjiyə malik olan Heydər Əliyev sutkada on altı saat fəaliyyət göstərirdi. O, bu günün işini sabaha qoymur, xalqımızın tərəqqisi naminə ömrünü şam kimi əridirdi. Dahi rəhbərin ömür yolu gələcək nəsillər üçün ən gözəl örnəkdir.
Mərasimdə, həmçinin uzun illər Prezidentimizin rəhbərliyi altında müxtəlif vəzifələrdə işləmiş ağsaqqallardan Kamran Hüseynov, Maqsud Qasımov, Ramazan İsmayılov, Hacıbala Hacıbalayev və başqaları vaxtilə müdrik dövlət xadimi ilə görüşlərini bir daha xatırlamış, onun qurub yaratmaq, xalqını xoşbəxt görmək istəyindən danışmışlar.
Sonra ehsan süfrəsi açılmışdır. Mərhum Prezidentimizin ruhuna dualar oxunmuşdur. Ağsaqqallar ona ulu Tanrıdan rəhmət diləmişlər.