“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
Bakı, 16 may, AZƏRTAC
Yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Azərbaycan Boks Federasiyasından (ABF) AZƏRTAC-a verilən məlumata görə, Bakı Boks Mərkəzində təşkil olunan tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
ABF-nin baş katibi Nağı Səfərov bildirib ki, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi ənənəyə çevrilib. O, “Heydər Əliyev kuboku” turnirinin əhəmiyyətindən söz açıb və iştirakçılara uğurlar arzulayıb.
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanın yığmaları mübarizə aparırlar. 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.