“HEYDƏR ƏLİYEV. MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR” ÇOXCİLDLİYİNİN ON BİRİNCİ KİTABI ÇAPDAN ÇIXMIŞDIR
“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr” tərəfindən yenicə çapdan buraxılmış növbəti – on birinci kitabı xalqımızın ümummilli lideri, Prezident Heydər Əliyevin 1997-ci ildə Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərə yola düşərkən hava limanında jurnalistlərə müsahibəsində dediyi bu sözlərlə başlayır.
İyulun 27-dən avqustun 6-dək davam etmiş bu tarixi səfərlə bağlı materialların toplandığı kitabın buraxılmasına məsul Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevdir.
Prezident Heydər Əliyev həmin səfərə böyük əhəmiyyət verirdi. O, səfərdən nə gözlədiyi barədə jurnalistlərin suallarına cavabında demişdi: “Çox şey gözləyirəm. Əlaqələrimizə dair ümumi normativ sənədlərin yaranması, əlaqələrimizin inkişaf etdirilməsi üçün yeni təkanlar və ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarında Azərbaycan həqiqətlərinin daha da geniş təbliğ olunması, yayılması. Təəssüflər olsun ki, ötən illərdə ABŞ-da və dünyanın bir çox başqa ölkələrində Azərbaycan haqqında doğru-düzgün, ədalətli, obyektiv məlumatlar olmayıbdır. Biz bu işləri görmüşük, vəziyyət, demək olar, dəyişib, ictimai fikir də dəyişibdir... Ancaq hələ çox iş görmək lazımdır və hesab edirəm ki, mənim bu səfərim zamanı bunlar görüləcəkdir”.
Həqiqətən də belə oldu, dövlətimizin başçısının bu səfərə bağladığı ümidlər tamamilə özünü doğrultdu. Səfər günlərində Prezident Heydər Əliyev Nyu-York, Vaşinqton, Hyüston və Çikaqoda müxtəlif səviyyələrdə 88 görüş keçirmişdir. Bunların zirvəsi isə, əlbəttə ki, Ağ evdə ABŞ Prezidenti Bill Klintonla keçirilən təkbətək görüş, habelə geniş tərkibdə danışıqlar idi. Bunların yekunu olaraq çox mühüm sənədlər – Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanat, sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında hökumətlərarası müqavilə, energetika sahəsində Amerika-Azərbaycan dövlətlərarası dialoqunun yaradılmasına dair saziş və ABŞ-ın neft şirkətləri ilə ARDNŞ arasında dörd müqavilə imzalanmışdır.
Prezident Heydər Əliyevin səfər çərçivəsində BMT-nin baş katibi Kofi Annanla, NATO-nun baş katibi Xavyer Solana, ABŞ-ın dövlət katibi Madlen Olbrayt, müdafiə, maliyyə, energetika, ticarət nazirləri, tanınmış senatorlar və konqresmenlər, Dünya Bankının prezidenti, Birləşmiş Ştatların işgüzar dairələrinin nümayəndələri, o cümlədən ən məşhur şirkətlərin rəhbərləri, BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin daimi nümayəndələri, Amerikanın siyasi və iqtisadi həyatına mühüm təsiri olan ABŞ Yəhudi Təşkilatları Prezidentləri Konfransının rəhbərləri ilə keçirdiyi görüşlərin hər biri haqqında kitabda materiallar verilmişdir.
Həmin tarixi səfər Birləşmiş Ştatların, eləcə də dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində idi. Səfərin elə ilk günlərində “İnstityuşnal İnvestor” jurnalına, “Uoll Stritt Cornal” qəzetinə müsahibələr, “Nyu-York Tayms” qəzetinin redaksiya heyətinin üzvləri və digər mətbuat nümayəndələri ilə görüşlər buna dəlalət edir. Kitabda bu müsahibələr və görüşlərin hamısı barədə materiallarla tanış olmaq mümkündür.
Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlərdə həqiqətən yeni bir mərhələ açan bu tarixi hadisədən bəhs edən kitab Prezident Heydər Əliyevin Bakıya qayıdarkən səfərin yekunları barədə təyyarədə jurnalistlərimizə verdiyi bəyanatla və ABŞ Prezidenti Bill Klintona təşəkkür teleqramı ilə tamamlanır.
Kitabda toplanmış materiallar Prezident Heydər Əliyevin müstəqil dövlətimizi dünyada tanıtmaq, onun milli maraqlarını qorumaq, Azərbaycan həqiqətlərini yaymaq sahəsində gecəli-gündüzlü gərgin səylərinin qısa bir zaman kəsiyini əhatə etsə də, səfərin yekunlarını, əhəmiyyətini qiymətləndirmək baxımından zəngin məlumat verir. Onu vərəqlədikcə Heydər Əliyev dühasının nəhəngliyini bir daha görür və təbii ki, bundan böyük qürur hissi duyuruq. ABŞ-ın o vaxtkı dövlət katibi xanım Madlen Olbraytın həmin səfər barədə fikri belə deməyə tam əsas verir: “Amerika Birləşmiş Ştatlarında Heydər Əliyev qədər yüksək səviyyədə qarşılanan və uğurlu səfər edən ikinci prezident hələ görməmişəm”.