HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ HEÇ VAXT UNUDULMAYACAQDIR
Yeni, 2004-cü ilin ilk günü də belə idi. Ağsaqqallar və ağbirçəklər, gənclər, məktəblilər, respublikamızın ayrı-ayrı bölgələrindən, xarici ölkələrdən gəlmiş soydaşlarımız Fəxri xiyabanı ziyarət edir, bütün həyatını canından artıq sevdiyi Vətəninə, xalqına sədaqətlə xidmətə həsr etmiş, Azərbaycanın ən ağır günlərində məsuliyyəti öz üzərinə götürərək dövlətçiliyimizi məhv olmaqdan, millətimizi fəlakətdən qurtarmış Dahi İnsana sonsuz ehtiramlarını ifadə edirdilər.
Artıq neçə müddətdir ki, dünyanın aparıcı informasiya orqanlarının, o cümlədən televiziya kanallarının diqqət mərkəzində olan Azərbaycan paytaxtının bu müqəddəs guşəsini planetin hər yerində tanıyırlar. Zəmanəmizin say-seçmə siyasi və dövlət xadimlərindən biri olan Prezident Heydər Əliyev həyatdan getməsi ilə də Azərbaycanı dünyaya tanıtmışdır. Tam əminliklə deyə bilərik ki, son neçə onilliklər ərzində heç bir şəxsiyyətin vəfatı dünyada bu qədər əks-səda doğurmamışdır. Bu, Prezident Heydər Əliyevin böyüklüyünün daha bir sübutudur.
Dünya gəlimli-gedimli dünyadır. Xalqımızın itkisi nə qədər ağır, kədəri sonsuz olsa da, həyatın pozulmaz qanunları var və bunlarla razılaşmalıyıq. Həyat davam edir, yeni 2004-cü ilin ilk günlərini yaşayırıq. Vətənimizin Azərbaycanın, xalqımızın xoşbəxt gələcəyi naminə biz ümummilli birliyə nail olmalı, Heydər Əliyevin ideyalarının bundan sonra da həyata keçirilməsi üçün səylərimizi əsirgəməməliyik. Bu, xalqımızın dahi oğlunun daim ürəklərdə yaşayacaq əziz xatirəsinə ən böyük ehtiramımız olar.
Allah rəhmət eləsin!