HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ HEÇ VAXT UNUDULMAYACAQDIR
Yeni, 2004-cü ilin ilk günü də belə idi. Ağsaqqallar və ağbirçəklər, gənclər, məktəblilər, respublikamızın ayrı-ayrı bölgələrindən, xarici ölkələrdən gəlmiş soydaşlarımız Fəxri xiyabanı ziyarət edir, bütün həyatını canından artıq sevdiyi Vətəninə, xalqına sədaqətlə xidmətə həsr etmiş, Azərbaycanın ən ağır günlərində məsuliyyəti öz üzərinə götürərək dövlətçiliyimizi məhv olmaqdan, millətimizi fəlakətdən qurtarmış Dahi İnsana sonsuz ehtiramlarını ifadə edirdilər.
Artıq neçə müddətdir ki, dünyanın aparıcı informasiya orqanlarının, o cümlədən televiziya kanallarının diqqət mərkəzində olan Azərbaycan paytaxtının bu müqəddəs guşəsini planetin hər yerində tanıyırlar. Zəmanəmizin say-seçmə siyasi və dövlət xadimlərindən biri olan Prezident Heydər Əliyev həyatdan getməsi ilə də Azərbaycanı dünyaya tanıtmışdır. Tam əminliklə deyə bilərik ki, son neçə onilliklər ərzində heç bir şəxsiyyətin vəfatı dünyada bu qədər əks-səda doğurmamışdır. Bu, Prezident Heydər Əliyevin böyüklüyünün daha bir sübutudur.
X X X
AZƏRTAC-ın müxbiri yanvarın 2-də də Fəxri xiyabanda olmuş, ümummilli liderimiz, böyük şəxsiyyət Heydər Əliyevin məzarını ziyarətə gələnlərin ürək sözlərini qeydə almışdır.
Milli Onkologiya Mərkəzinin həkimi XALİDƏ TAĞIZADƏ: “Biz müstəqil Azərbaycanın qurucusu və memarı, dövlətçiliyimizin xilaskarı Heydər Əliyevin vəfatından çox kədərlənirik. O, bizim yolgöstərənimiz olub, Azərbaycanı bütün dünyada tanıdıb. Dahi şəxsiyyətin ölkəmiz üçün gördüyü işlərin sayı-hesabı yoxdur. Heydər Əliyevin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır”.
“N” hərbi hissəsinin zabiti SÜLEYMAN BALAKİŞİYEV: “Dünya siyasətçiləri arasında öz şərəfli yeri olan əbədi Prezidentimiz Heydər Əliyevin vəfatı Azərbaycan xalqı üçün böyük itkidir. Mən onun məzarını tez-tez ziyarət edirəm. Görkəmli siyasətçi Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlının ürəyində dərin iz salmışdır. Heydər Əliyev əvəzedilməz rəhbər kimi qəlblərdə yaşayacaqdır”.
Birləşmiş Universal Səhmdar Bankının işçisi ƏMİNƏ ƏZİZOVA: “Fəxri xiyabana gəlməyi özümüzə müqəddəs borc bilirik. Prezident Heydər Əliyevin məzarını ziyarət edib, ona ehtiram göstərmək hər birimizin vəzifəsidir. Çünki o, vətənimizin ağır günündə həyatı üçün təhlükələrə baxmayaraq, hakimiyyətə qayıdaraq ölkəmizi fəlakətdən xilas etdi. Ruhu şad olsun. Təsəllimiz odur ki, onun yarımçıq qalmış işlərini siyasi varisi, Prezidentimiz İlham Əliyev davam etdirəcəkdir. Biz hər işdə ona yardımçı olacağıq”.
Dünya gəlimli-gedimli dünyadır. Xalqımızın itkisi nə qədər ağır, kədəri sonsuz olsa da, həyatın pozulmaz qanunları var və bunlarla razılaşmalıyıq. Həyat davam edir, yeni 2004-cü ilin ilk günlərini yaşayırıq. Vətənimiz Azərbaycanın, xalqımızın xoşbəxt gələcəyi naminə biz ümummilli birliyə nail olmalı, Heydər Əliyevin ideyalarının bundan sonra da həyata keçirilməsi üçün səylərimizi əsirgəməməliyik. Bu, xalqımızın dahi oğlunun daim ürəklərdə yaşayacaq əziz xatirəsinə ən böyük ehtiramımız olar.
Allah rəhmət eləsin!