İQTİSADİYYAT
“Həzi Aslanov” stansiyasının dalanında təmir işlərinə başlanılacaq VİDEO







Bakı, 30 yanvar, AZƏRTAC
“Həzi Aslanov” stansiyasının dalanı təmir üçün hazır vəziyyətə gətirilib.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
““Həzi Aslanov” stansiyasının baxış, xidmət, qulluq, kiçikhəcmli təmir işləri, bir yoldan digərinə keçirilməsi və gecələməsi üçün nəzərdə tutulmuş dalanında əsaslı təmir və yenidənqurma işlərinə hazırlıq başlanılıb. “Bakı Metropoliteni” QSC-nin aidiyyəti xidmətləri dalan yollarında təmizləmə işlərini həyata keçiriblər. Burada təmas relsi, yoldəyişdirici qurğular, yol yataqları, elektrik naqilləri, rabitə xətləri, ventilyasiya sistemləri, təhlükəsizlik kameraları sökülərək podratçı şirkətin işlərə start verməsinə münbit zəmin yaradılıb. Təmir və yenidənqurma işləri ilə məşğul olan şirkət müayinə və təhlillər aparıb, yol betonunun söküntüsü təmin edilib. Qrunt və qrunt sularından analizlər götürülüb, nəticələr müəyyənləşdirildikdən sonra müvafiq tikinti meydançası yaratmaq üçün metal konstruksiyalar quraşdırılıb”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, dalan və dalan yolları istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti səbəbindən yararsız hala düşüb, tunelin konstruktiv elementlərinə mənfi təsir göstərib: “Davamlı təsirlər nəticəsində yan və orta divarlarda eroziya intensiv xarakter alıb, blok və örtük panellərində mühafizə qatının betonu qopub və işçi armaturlar korroziyaya uğrayıb. “Evrascon” - Avropa-Asiya Tikinti Korporasiyası təmir işlərini 6 mərhələdə aparacaq. Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə eroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq”.
B.Məmmədov əlavə edib ki, yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalar üzrə yenidən qurulacaq, layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq.