Hindistanda “Azərbaycan” kitabı təqdim edilib
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycanın Hindistandakı səfirliyi dekabrın 16-da bu ölkənin Beynəlxalq Tədbirlər Mərkəzində “Azərbaycan” kitabının təqdimetmə mərasimini təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, kitab ingilis, hindi və urdu dillərində hazırlanıb.
Səfir İbrahim Hacıyev tədbir iştirakçılarına Azərbaycanın Hindistan ilə tarixi və müasir əlaqələrindən danışıb. O, Azərbaycanın son illərdəki inkişafının ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanın beynəlxalq birlikdə layiqli yerini tutduğunu, regionda aparıcı dövlətə çevrildiyini vurğulayıb. Diplomat Cənubi Qafqaz və Xəzər dənizi regionlarında Azərbaycanın iştirakı olmadan beynəlxalq layihələrin həyata keçirilməsinin mümkün olmadığını bildirib. Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə də məlumat verib.
“Azərbaycan” kitabının müəllifi, tanınmış jurnalist, urdu dilindəki “Aləm” xəbərlər xidmətinin baş redaktoru Şeyx Manzoor Əhməd Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı ilə tanış olmaq və Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə iki dəfə ölkəmizə səfər etdiyini söyləyib. O, Ermənistanın təcavüzü nəticəsində qaçqın və köçkün düşmüş azərbaycanlıların vəziyyətinin şahidi olduğunu bildirib, Prezident İlham Əliyevin səyləri nəticəsində münaqişənin tezliklə həllini tapacağına, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə edib.
Təqdimetmə mərasimində rəsmi şəxslər, diplomatlar, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.