Hollandiyada 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın AZƏRTAC-a bildirmişdir ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi üç il keçir. İyirmi üç il əvvəl Azərbaycan xalqının taleyində dəhşətli günlər yaşanırdı. Azərbaycan xalqı hücuma uğramış, günahsız insanlar qətlə yetirilmiş, tankların altında əzilmişdir.
Amma 20 Yanvar Azərbaycan xalqının tarixində yalnız hüzn günü kimi deyil, həm də qürur günüdür. Azərbaycan xalqı həmin gün sovet ordusunun qorxunc hücumuna qarşı sinə gərməyi, öz müstəqilliyini və mətanətini qorumağı bacardı. 1990-cı il yanvarın 20-si Azərbaycanın istiqlal yolunda ilk şəhidlik zirvəsi idi.
Azərbaycan xalqının azadlıq mübarizəsini qətliamlar törətməklə yatırmağa çalışan sovet zülmünü lənətləyir, bir daha belə bir faciənin baş verməməsini diləyirik.
İlhan Aşkın bildirmişdir ki, rəhbərlik etdiyi təşkilat tərəfindən Hollandiyada 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Faciənin dəhşətlərini əks etdirən film nümayiş olunmuş, canlı şahidlərin dilindən həmin hadisələr xatırlanmışdır.