“Horizon Avropa” proqramı üzrə layihələrin hazırlanması üçün təlimlərə başlanılır
Bakı, 14 yanvar, AZƏRTAC
Avropa Komissiyası Avropa İttifaqı ilə Azərbaycan arasında tədqiqat və innovasiya əməkdaşlığına dəstək, Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” proqramında uğurlu iştirakının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə Avropa Komissiyasının ekspertlərinin iştirakı ilə layihələrin hazırlanması üzrə təlimlərin keçirilməsi, həmçinin fərdi məsləhətlərin təşkil edilməsi nəzərdə tutulub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, 3 günlük təlim “Horizon Avropa” proqramının 2023-2024-cü illər üzrə nəzərdə tutulmuş çağırışlarına uyğun yüksəkkeyfiyyətli və rəqabətədavamlı layihə təkliflərinin hazırlanması üçün Azərbaycandan olan tədqiqatçılara və innovatorlara kömək göstərilməsinə yönəlib. Ekspert məsləhətlərinin təşkilinin məqsədi isə konkret layihə təkliflərinə fərdi dəstəyin göstərilməsidir.
Təlimlər fevralın 6-dan 10-dək Bakıda keçiriləcək. Təlimlərdə iştirak etmək istəyənlər AMEA-nın saytındakı keçid vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Əlavə məlumat üçün AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr və xaricdə elmi tədqiqatların (təhsilin) təşkili şöbəsinə müraciət edilə bilər.