“Huawei”nin gəlirləri iki ildən sonra ilk dəfə artıb
Bakı, 12 avqust, AZƏRTAC
Çinin telekommunikasiya və texnologiya şirkəti “Huawei”, ABŞ-ın ixrac qadağaları və şirkətə qarşı sanksiyalarının təsirindən dəymiş itkilərdən sonra iki il ərzində ilk dəfə gəlirində artım göstərib.
AZƏRTAC şirkətin açıqladığı 2023-cü ilin birinci yarısının hesabatına istinadla xəbər verir ki, ilk 6 ayda şirkətin gəlirləri illik müqayisədə 3,1 faiz artaraq 310,9 milyard yuana (42,98 milyard dollar), gəlirliliyi isə 15 faiz artıb.
ABŞ-ın 2019-cu ildə “milli təhlükəsizlik” səbəbi ilə şirkətlərinə “Huawei”yə ixrac qadağası qoymasından və ABŞ-ın rəhbərliyi altında bir çox ölkənin şirkətə 5G telekommunikasiya infrastrukturunun yaradılmasını qadağan etdikdən sonra “Huawei”nin gəlirləri 2021-ci ildə 29,4 faiz, 2022-ci ildə isə 5,9 faiz azaldı.
Şirkət gəlirlərinin azalmasına baxmayaraq, son iki ildə xalis gəlirliliyini qorudu və 2021-ci ildə 9,8 faiz, 2022-ci ildə isə 5 faiz gəlir əldə etdi.
Şirkətin ağıllı əməliyyat sistemi və çipləri səbəbiylə ABŞ-ın ixrac qadağalarından təsirlənən smartfon satışlarında yaşanan canlanma ümumi gəlirin artmasında təsirli oldu.
Beynəlxalq bazar araşdırması şirkəti “International Data Corporation”un məlumatına görə, ikinci rübdə smartfon satışları dünya üzrə 7,8 faiz, Çində isə 1,2 faiz azalarkən, “Huawei”nin satışlarında təxminən 76 faiz artım qeydə alınıb.
“Huawei”nin yüksək seqment telefonları P60 və qatlana bilən Mate X3 smartfonlarının satış uğuru ilə yanaşı, “Android” əməliyyat sisteminin istifadəsinə qoyulan qadağadan sonra şirkətin özünün hazırladığı “HarmonyOS” əməliyyat sisteminin geniş yayılması da artımda təsirli olub.
Beləliklə, “Huawei” Çinin ən yaxşı 5 smartfon istehsalçısı sırasına yenidən daxil oldu. Şirkət ABŞ-ın ixrac qadağalarından əvvəl Cənubi Koreyanın “Samsung” şirkətini qısa müddətdə geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı oldu.