“İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” QANUN LAYİHƏSİ ÜÇÜNCÜ OXUNUŞDA PARLAMENTİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
İclasda “İctimai televiziya və radio yayımı haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmuşdur.
İnsan hüquqları daimi komissiyasının sədri Sirus Təbrizli AZƏRTAC-ın müxbirinə demişdir ki, bu qanunun hazırlanması Azərbaycanda demokratiyanın inkişafı, söz, mətbuat azadlığının qorunması, ölkəmizin yeniləşməsi istiqamətində ümummilli liderimiz Heydər Əliyevin atdığı mühüm addımlardan biridir. “İctimai televiziya və radio yayımı haqqında” qanun layihəsi təkcə parlamentdə deyil, cəmiyyətdə də geniş müzakirə olunur. Bu isə Azərbaycan ictimaiyyətinin ictimai televiziyaya olan böyük marağı ilə bağlıdır.
Sonra Milli Məclisin deputatı, layihə ilə bağlı işçi qrupunun rəhbəri Rizvan Cəbiyev bildirmişdir ki, “İctimai televiziya və radio yayımı haqqında” qanun layihəsi parlamentdə ikinci oxunuşda müzakirə olunarkən 160-a yaxın təklif səslənmişdir. İşçi qrupu təklifləri qruplaşdıraraq təhlil etmiş və 30-dan çox təklifi nəzərə almışdır. İctimai yayımın idarə olunması, Yayım Şurasının, İdarə Heyətinin və Baş direktorun seçilməsi və təsdiq edilməsi qaydaları, onların səlahiyyətləri dəqiqləşdirilmişdir. Bəzi maddələr isə layihədən çıxarılmışdır.
Deputatlar və mütəxəssislərin layihə ilə bağlı rəyləri dinlənildikdən sonra sənədi üçüncü oxunuşda parlamentin müzakirəsinə çıxarmaq qərara alınmışdır.