“İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” QANUN QƏBUL EDİLDİ
Deputatlar qanun layihəsinin hər bir fəslinə irad və təkliflərini bildirdilər. Qeyd olundu ki, Milli Bankın səlahiyyətləri artırılmalı, onun özəl banklar üzərində nəzarəti gücləndirilməlidir. Bank idarəçiliyinin təkmilləşdirilməsinə yönəldilən təkliflər səsləndi. Bildirildi ki, Milli Bankın işi beynəlxalq bank təcrübəsinə uyğunlaşdırılmalıdır. Onun hüquq və səlahiyyətləri bank sisteminin təkmilləşdirilməsinə xidmət etməlidir.
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov “Banklar haqqında” qanun layihəsinin (ikinci oxunuşda) müzakirəsi zamanı konstruktiv fikirlər söyləyən, təkliflər irəli sürən deputatlara minnətdarlığını bildirdi. O dedi ki, Azərbaycanın bank sisteminin inkişafı əhalinin banklara olan inamının artırılmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu inamı möhkəmləndirməyin ən əsas şərtlərindən biri bankların etibarlılığının artırılması, onların düzgün idarə edilməsi, maliyyə “sağlamlığı”nın təmin olunmasıdır. Elman Rüstəmov deputatları əmin etdi ki, onların konstruktiv təklifləri qanunun 3-cü oxunuşa hazırlanması prosesində nəzərə alınacaqdır.
Sonra Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov qanun layihəsi ilə bağlı mülahizələrini söylədi.
“Banklar haqqında” qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olundu.
İclasda “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə (üçüncü oxunuşda) deputat Rizvan Cəbiyev ətraflı məlumat verdi, qanunun əhəmiyyətini geniş izah etdi.
Qanun layihəsi səsə qoyularaq qəbul olundu.
Bununla da Milli Məclisin növbəti iclası başa çatdı.