İDMANÇILARIMIZ TAEKVONDO VƏ UŞU ÜZRƏ BEYNƏLXALQ YARIŞDA YÜKSƏK NAİLİYYƏTLƏR ƏLDƏ ETMİŞLƏR
Kiçik olimpiya oyunları sayılan bu yarışda 16 ölkədən 10 idman növü üzrə 900-dən çox döyüşçü medallar uğrunda mübarizə aparmışdır. Uşu üzrə beynəlxalq dərəcəli idman ustası və hakim, VI dan qara kəmər sahibi Zahid Vəliyevin rəhbərlik etdiyi komandamızın heyətində Rafət Əsədov, Ülvi Əsədov, Tural Cavadov, Əhməd Adıgözəlzadə, Samir Salmanov və Kamran Manafov təmsil olunmuşdur. Yığma komandamız nümunəvi çıxışlarına görə ümumi hesabda birinci yerə çıxaraq, dünya kubokunu qazanmışlar. “Doqquz tərəf” Uşu İdman Klubunun təmsilçiləri olan bu döyüşçülər uşu və çi qun üsulları üzrə yarışmışlar. Kompleks hərəkətlər – taolar üzrə isə Rafət Əsədov ikinci, Əhməd Adıgözəlzadə üçüncü yer tutmuşlar. Bu yarışlarda İspaniya 2-ci, Almaniya 3-cü yerə sahib olmuşlar.
Taekvondo yarışlarında isə ölkəmizin idman şərəfini Hap Ki Do Federasiyasının prezidenti, beynəlxalq dərəcəli idman ustası və hakim Süleyman Məmmədlinin rəhbərliyi ilə 6 idmançı qorumuşdur. Taekvondonun WTF üsulu üzrə yarışlarda ustalar arasında Süleyman Məmmədli (mütləq çəki), gənclər arasında Ülvi Təhməzov (60 kq), Səbinə Kərimova (60 kq) birinci, Polad Xankişiyev (70 kq) üçüncü, kişilər arasında Seymur Əliyev (60 kq), Sadiq Dadaşov (70 kq) birinci, Aqil Allahverdiyev (80 kq) üçüncü yer tutmuşlar.
İTF üsulu üzrə isə ustalar arasında Süleyman Məmmədli, kişilər arasında Seymur Əliyev ikinci, Aqil Allahverdiyev isə üçüncü yerə çıxmışlar. Yığmamız ümumu hesabda ikinci yer tutmuşdur. Almaniya I, Polşa III yerin sahibi olmuşlar.