III MDB Oyunlarında iştirak edəcək Rusiya idmançıları Azərbaycana gəlib
Gəncə, 24 sentyabr, AZƏRTAC
Rusiyanın stolüstü tennis və atıcılıq idman növləri üzrə komandası III MDB Oyunlarında iştirak etmək üçün Gəncəyə gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, idmançıları Gəncə Beynəlxalq Aeroportunda III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri qarşılayıblar.
Stolüstü tennis üzrə Rusiya qadın komandasının məşqçisi Sergey Brusin jurnalistlərə açıqlamasında deyib: “Biz Moskva ətrafında, Bronnitsada məşq etmişik. Qonaqpərvər Azərbaycan torpağına gələcəyimizi səbirsizliklə gözləyirdik. Hamımız hazırıq. Yaxşı oynamağa, səviyyəli çıxış etməyə səy göstərəcəyik. Səfərlərimiz elə də tez-tez olmur. Ona görə də buraya məmnunluqla gəldik və əlimizdən gələn hər şeyi edəcəyik”.
Sonra idmançılar yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.