“İki sahil” qəzetinin 32 yaşı tamam olur
Bakı, 10 iyul, AZƏRTAC
Çoxsaylı mətbuat orqanları arasında özünəməxsus yer tutan, dövlətçiliyimizin inkişafına davamlı töhfələr verən, oxucu auditoriyasını günbəgün genişləndirən “İki sahil” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü 1991-ci il 10 iyul tarixindən 32 il ötür.
AZƏRTAC xəbər verir ki, qəzet Azərbaycan üçün ən çətin dövrlərdə həyata vəsiqə alıb, həmin dövrün reallıqlarını ictimaiyyətə çatdırıb, öz ideallarına sadiq qalaraq sınaqlardan şərəflə çıxıb. O illərdə “İki sahil” öz səhifələrində reallıqları olduğu kimi oxuculara çatdıraraq, Azərbaycanın xilaskarının Ümummilli Lider Heydər Əliyev olduğunu qətiyyətlə bəyan edib. Azərbaycan xalqının böyük əksəriyyətinin ifadəsi olan 91 nəfər ziyalının dahi şəxsiyyət Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti qəzetin səhifələrində yer alıb. Qəzet zamanın bütün çətinliklərinə, təzyiqlərinə rəğmən, qarşısına qoyduğu məqsədə doğru inamla addımlayıb, cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirib.
Ümummilli Lider YAP-ın yaradılmasının ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirərək deyib: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin “İki sahil” qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm”.
Bu gün azad sözə, fikrə dəyər qəzetin fəaliyyətində özünün aydın ifadəsini tapır.
Qəzetin fəaliyyətini fərqləndirən mühüm xüsusiyyətlərdən biri Azərbaycanın dövlət quruculuğu prosesinin bütün mərhələlərini öz prinsiplərinə müvafiq əks etdirməsidir. Müasir dövlət quruculuğu prosesləri, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, Azərbaycan mədəniyyətinin, incəsənətinin, təhsilinin inkişaf mərhələləri qəzetdə dolğun şəkildə əks etdirilir.
Qəzetin “ikisahil.az” internet saytı internet televiziyası uğurla fəaliyyət göstərir. Dövrün, zamanın tələblərinə uyğun olaraq yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilində və onun hüdudlarından kənarda baş verən hadisələr operativ şəkildə oxuculara və tamaşaçılara çatdırılır.