İlahiyyat İnstitutunun müəlliminin məqaləsi Küveytin “əl-Müctəma” jurnalında dərc olunub
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı hazırladığı məqalə Küveytin “əl-Müctəma” jurnalında dərc olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycanlıların məruz qaldığı Xocalı qətliamı: bir gecədə baş vermiş faciə” sərlövhəli məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıya xaincəsinə hücumunu əks etdirən faktlar əksini tapıb. Azərbaycanlıların ermənilər tərəfindən zaman-zaman etnik təmizləmələrə və soyqırımına məruz qaldığı nəzərə çatdırılıb.
Məqalədə ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı haqqında söylədiyi sözlər əksini tapıb: “Bütövlükdə Azərbaycan xalqına yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Müəllif vurğulayıb ki, Xocalı soyqırımını törədənlər beynəlxalq ədalət qarşısında cavab verməlidirlər.