İlham Zəkiyev: İngiltərədə keçiriləcək Dünya Oyunlarında xalqımızı yüksək nəticələrlə sevindirəcəyimizə inanıram
Bakı, 12 avqust, AZƏRTAC
Bir həftədən sonra bizi İngiltərədə Dünya Oyunları gözləyir. Orada xalqımızı daha yüksək nəticələrlə sevindirəcəyik.
AZƏRTAC-ın məlumatına görə, bunları Niderlandın Rotterdam şəhərində keçirilmiş Avropa paralimpiya çempionatında gümüş medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
İki qat paralimpiya çempionu olan İlham Zəkiyev deyib: "Səhər tezdən bizi qarşılamağa gəlmişsiniz. Əziyyət çəkən insanlara idmançılar və məşqçilər adından təşəkkürümü bildirirəm. Çox gözəl çıxış etdik, medalların əyarına görə komanda hesabında ikinci olduq. Gələn dəfə daha yaxşı nəticə göstərəcəyik".
Avropa çempionu olan Şəhanə Hacıyeva yarışın möhtəşəm keçdiyini söyləyib: "Əməliyyatdan sonra ilk sınağım olsa da, Vətənə qızıl medalla döndüm. Ümid edirəm ki, bu nəticəni Dünya Oyunlarında da təkrarlayaram".
Qızıl medala sahib çıxan Xanım Hüseynova qitə çempionatının yığma üçün uğurlu alındığını vurğulayıb: "Əsas odur ki, çempion olduq. Növbəti yarış Dünya Oyunlarıdır. Hədəfimiz isə Paris-2024 Yay Paralimpiya Oyunlarında bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməkdir".
Qeyd edək ki, paracüdoçular Avropa çempionatını 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.