İDMAN
İLK MARAFONÇUNUN ÖLÜMÜNÜN SİRRİ AÇILMIŞDIR
Əvvəlcə tarixə ötəri nəzər salaq. İndiyədək hesab edilir ki, eramızdan əvvəl 490-cı il sentyabrın 13-də Yunanıstanın Marafon kəndi yaxınlığında yunanların farslarla döyüşü olmuşdur. 15 min fars döyüşçüsü Afinadan şimal-şərq tərəfdə Marafon körfəzinin sahilinə çıxmış və burada afinalılarla qarşılaşmışdır. Yunanlar sayca az olsalar da, böyük üstünlüyə - falanqalara malik idilər. Hər bir yunan döyüşçüsü qalxanını elə tuturdu ki, onun bu silahı sol tərəfindəki əsgəri də qismən qoruyurdu. Bu, təkbətək vuruşmağa öyrəşmiş farslar üçün yenilik idi. Həmin döyüşdə 6 min fars və cəmi 200 afinalı həlak olmuşdu. İndi biz bunu - qələbə müjdəsini Afinaya çatdırmaq üçün 42 kilometr məsafəni qaçmış yunan döyüşçüsü Feydippidesin sayəsində bilirik. O, mənzil başına çataraq, “Sevinin! Biz qalib gəldik!” deyərək, dərhal da canını tapşırmışdır.
Texas alimlərinin şübhə ilə yanaşdıqları 13 sentyabr tarixi yay gün dönümündən sonra ilk təzə Aydan hesablanılan Afina təqviminə əsasən müəyyən edilmişdir. Amerikalılar Afina təqvimini deyil, hesablamanın payız gecə-gündüz bərabərliyindən sonra ilk təzə Aydan aparıldığı Sparta təqvimini əsas götürməyi qərara almışlar. Nəticədə tamam başqa tarix ortaya çıxmışdır – Feydippidesin hünər göstərdiyi gün bir ay geri çəkilərək, avqustun 12-nə düşmüşdür. Əgər texaslıların göstərdikləri yeni tarix doğru çıxsa, onda belə mülahizə ilə razılaşmamaq olmaz: yunan döyüşçüsü Selsi ilə 28 dərəcə deyil, 39 dərəcə istidə qaçaraq ölmüşdür.
Xatırladaq ki, marafon qaçışı 1896-cı ildə Afinada keçirilən İlk Olimpiya oyunlarının proqramına fransız filoloqu M.Brealın təşəbbüsü ilə daxil edilmişdir. İlk olimpiya çempionu adını Yunanıstan idmançısı S.Luis qazanmışdır. O, məsafəni 2 saat 58 dəqiqə 50 saniyəyə qət etmişdir. Sonralar məsafə dəfələrlə dəyişdirilmiş, 1924-cü ildən isə onun uzunluğu daimi olmuşdur – 42 km 195 m. Efiopiyalı A.Bikila marafon qaçışında iki dəfə (1960-cı və 1964-cü illər) Olimpiya çempionu adına layiq görülmüşdür. Ən yüksək dünya nailiyyətlərindən biri avstraliyalı D.Kleytona məxsusdur – 2 saat 8 dəqiqə 33,6 saniyə (1969-cu il, Antverpen).