İnam Kərimov: Məhkəmələrin müasir çağırışlara uyğun qurulması günün tələblərindəndir
Bakı, 14 iyul, AZƏRTAC
Qanunvericiliyə edilən son dəyişikliklərlə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırmaq vəzifəsi təsbit edilib. Vahid məhkəmə təcrübəsi ölkənin hüquq sistemi, eləcə də sahibkarlar üçün böyük əhəmiyyətə malikdir. Belə ki, bu təcrübə hüquqi müəyyənliyi təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə, eləcə də ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüşdə söyləyib.
Ali Məhkəmənin sədri qeyd edib ki, bununla yanaşı ölkəmizdə mübahisələrin alternativ həlli istiqamətində də tədbirlər görülür. Mediasiya institutu yaradılıb və onun inkişafı üçün işlər görülür. Eyni zamanda, arbitraj institutunun formalaşdırılması istiqamətində də işlər aparılır. Bütün bunlar ölkəmizdə sahibkarlığın inkişafına da öz müsbət təsirini göstərir.
Ölkəmizdə aparılan islahatların regionda və dünyada baş verən ciddi geosiyasi dəyişikliklərin baş verdiyi bir vaxta təsadüf etdiyini vurğulayan İnam Kərimov deyib: “Hazırda ölkəmiz böyük qlobal əhəmiyyətli proseslərdə regionun aparıcı liderinə çevrilir və yeni çağırışlarla qarşılaşır. Bu müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir.
Bu gün dünyamız sürətlə inkişaf edir. Texnologiyaların bütün sahələrdə tətbiqi genişlənir. Yeni hüquq münasibətləri meydana çıxır. Biznes mühitində rəqabətə davamlılıq getdikcə daha da çətinləşir. Mövcud problemlərin əvvəlkindən daha çevik həlli tələb olunur. Həm dövlətlər, həm də sahibkarlar yeni çağırışlarla üzləşirlər. Bu çağırışlara cavab vermək üçün ən uğurlu yol birgə əməkdaşlıq, birgə dialoqdur”.