İndoneziyada təşkil olunan “Milli Mədəniyyət Həftəsi”ndə Azərbaycan da təmsil olunub
Tokio, 26 noyabr, AZƏRTAC
Noyabrın 19-dan 26-dək İndoneziyanın Təhsil, Mədəniyyət, Tədqiqatlar və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Pekan Kedudayaan Nasional -National Cultural Week” beynəlxalq tədbirində Azərbaycan da təmsil olunub.
AZƏRTAC xəbər verir ki, noyabrın 19-da təşkil edilən açılış mərasimində Prezident Coko Vidodo da iştirak edib.
“Milli Mədəniyyət Həftəsi”ndə 19 ölkə - Avstraliya, Azərbaycan, ABŞ, Banqladeş, Ukrayna, Kanada, Böyük Britaniya, Niderland, Belarus, Komboca, Fransa, Bolqarıstan, Lao, Filippin, Misir, Peru, Tailand, Meksika və Tunis iştirak edib. Açılış mərasiminə digər iştirakçı ölkələrin diplomatik nümayəndələri ilə yanaşı Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev də qatılıb.
Tədbir çərçivəsində ilk nümayiş noyabrın 20-də “pkn.id” veb-saytı və İndonesia TV-yə məxsus Mədəniyyət kanalı (Kanal Budaya) vasitəsilə həyata keçirilib. Həmin tarixdə 3 ölkənin - Azərbaycan, Avstraliya və ABŞ-ın mədəniyyətinin təqdimatı reallaşdırılıb.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan və ölkəmizin mədəniyyətini, mətbəxini və musiqisini təbliğ edən ingilis dilində fərqli videolar əsasında səfirlik tərəfindən hazırlanan “İnternational Cultural Diversity: Azerbaijan - Azerbaijan: Cultural heritage of Azerbaijan” başlıqlı 1 saat 16 dəqiqəlik video da xüsusi yer tutub. Videoda ölkəmizin mədəniyyətini, mətbəxini, musiqisini, musiqi alətlərinin qədim tarixini əks etdirən məlumatlar geniş əks etdirilib. Azərbaycan mədəniyyəti haqında videolar İndoneziya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
Əlavə olaraq qeyd edək ki, keçmiş Sovet İttifaqından İndoneziyaya akkreditə edilən ölkələrdən yalnız Azərbaycan, Ukrayna və Belarus tədbir çərçivəsində ölkə mədəniyyətlərinin təqdimatını təşkil edib.
“Milli Mədəniyyət Həftəsi”nin noyabrın 26-da keçirilən bağlanış mərasimində İndoneziyanın insan inkişafı və mədəniyyət məsələləri üzrə koordinasiya naziri Muhadjir Effendi iştirak edib. Layihədə iştirak edən ölkələrin səfirliklərinə minnətdarlığını bildirən M.Effendi İndoneziyaya dost ölkələrin mədəniyyətinin tanıdılmasında “Milli Mədəniyyət Həftəsi”nin mühüm addım olduğunu vurğulayıb. Bu qəbildən olan tədbirlərin 2022-ci ildə də davam etdiriləcəyini bildirib.
Azərbaycan mədəniyyəti haqqında təqdimatla aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:
https://pkn.id/pergelaran/ragam-budaya-internasional-azerbaijan/, https://youtu.be/Duu0qQG2ojw
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio