İnkişaf, tərəqqi və yüksəlişin dəyişməz ünvanına çevrilən Naxçıvan - İCMAL
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Heydər Əliyev siyasi xəttinin təntənəsi
Azərbaycan tarixinə adı qızıl hərflərlə Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə kimi yazılan İlham Əliyevin seçicilər tərəfindən ilk dəfə Prezident seçilməsinin 18-ci ildönümündə və müstəqilliyimizin 30 illiyi ərəfəsində bir daha ölkəmizin keçdiyi inkişaf yoluna nəzər yetirdikdə görürük ki, Odlar Yurdu əsrə bərabər inkişaf yolu keçib. Bir sıra inkişaf etmiş dövlətlərin 100 ildə əldə etdiyi nailiyyətləri, böyük uğurları Azərbaycan cəmi 30 il ərzində qazanıb. Torpaqlarımızın işğaldan azad olunması, düşmənə bütün cəbhələrdə sarsıdıcı zərbələrin endirilməsi ötən illər ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hər baxımdan güclənməsinin məntiqi nəticəsi idi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən dövlətimizin başçısının fədakarlıqla, vətənpərvərliklə həyata keçirdiyi siyasətin möhtəşəm təntənəsi həm hərb və diplomatiya meydanında, həm də daxili siyasətdə, güclü iqtisadiyyatda, böyük transmilli layihələrdə və digər istiqamətlərdə təzahür etdi və bizi uğurlara apardı.
Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də blokada vəziyyətində saxlanılan Naxçıvanın yüksəlişinə nail olunmasıdır. Vaxtilə qaniçən düşmən Naxçıvanı blokadaya salmaqla əzmimizi, iradəmizi qırmaq istəyir, çətinliklər qarşısında qalan insanların qədim diyarı tərk edəcəyini düşünür, son nəticədə torpağımızı işğal etmək məqsədi güdürdü. Düşmənin bu niyyətini ilk olaraq 1990-cı il iyulun 22-də Naxçıvana gələn ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi siyasət darmadağın etdi, Prezident İlham Əliyevin reallaşdırdığı siyasət isə bu iyrənc xəyalları birdəfəlik tarixin arxivinə göndərdi. Məhz bunun sayəsində bu gün xain qonşularımız nəinki xəyallarının puç olduğunu anlayır, dönüb Naxçıvana tərəf belə, baxmağa cəsarət edə bilmir. Çünki bu gün onların qarşısında zəif Naxçıvan deyil, qüdrətli ordusu ilə dağları yerindən oynada biləcək Naxçıvan dayanıb.
18 ildə 15 dəfə muxtar respublikaya səfər edən dövlətimizin başçısı hər səfərində qədim və müasir diyarımızın inkişafını təcəssüm etdirən bir sıra mühüm sosial obyektlərin açılışını edib, Naxçıvanın daha da güclənməsi və inkişafı üçün müvafiq tapşırıq və tövsiyələrini verib. Həyata keçirilən möhtəşəm quruculuq və inkişaf siyasətinin nəticəsidir ki, bu gün muxtar respublika sakinləri Avropa ölkələrinin əhalisinin həyat şəraitindən heç də geri qalmayan bir şəraitdə yaşayırlar. Çünki bu gün bizim Vətənini, xalqını sevən, onun uğrunda fədakarlıqla çalışan, ən əsası isə insanlara doğru yolu, inkişaf istiqamətini dəqiqliklə göstərən rəhbərimiz var. Naxçıvanda əldə olunan bütün nailiyyətlər isə sözün həqiqi mənasında Vətənə və xalqa xidmət nümunəsidir.
Ulu Öndərin siyasətinin bəhrələri bu gün hər sahədə görünür. Xüsusilə elmin inkişafına, insan kapitalının, elmi potensialın formalaşmasına xüsusi diqqət yetirilir. Çünki yaşadığımız dövr bizdən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir. Bu da reallıqdır ki, ölkələrin gücü onların malik olduqları təhsilli və vətənpərvər gəncliklə, milli kadr potensialı ilə ölçülür. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası da ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Bu gün dahi şəxsiyyətin ideyaları Naxçıvan Muxtar Respublikasında böyük yaradıcı gücə çevrilib. Elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi “Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur.
Təsadüfi deyil ki, müstəqillik illərində muxtar respublikada bütün təhsil pillələri üzrə yeni texnologiyalara əsaslanan tədris infrastrukturu yaradılıb, 200-dən çox məktəb binası tikilib və ya yenidən qurulub. Həmçinin ali, orta ixtisas və peşə məktəbləri üçün də yeni binalar istifadəyə verilib, universitet şəhərcikləri salınıb. Təhsil müəssisələrində internetə çıxışı olan 900-ə yaxın elektron lövhə, 7 mindən çox kompüter quraşdırılıb, zəngin fonda malik kitabxanalar, kabinə və laboratoriyalar istifadəyə verilib.
İnnovativ təlim metodlarının, xüsusilə də STEAM təhsilin tətbiqi və tədrisin təcrübə sahələrinə yaxınlaşdırılması insan kapitalının formalaşdırılması istiqamətində ciddi kəmiyyət və keyfiyyət dəyişiklərinə səbəb olub. Təbii ki, bütün bunlar tədrisin səviyyəsinə də öz təsirini göstərib. Hər il ali məktəblərə qəbul imtahanlarında qazanılan uğurlu nəticələr bunu bir daha təsdiq edir. 2020-2021-ci tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların 261-i imtahanlarda yüksək nəticə göstərərək 500-700 arası bal toplayıb. Bu faktlar sentyabrın 9-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüşdə diqqətə çatdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də onların timsalında tələbə adı qazanmış bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edərək deyib: “Hər bir ölkənin gələcəyi təhsilin səviyyəsindən və gənclərin necə yetişməsindən asılıdır. Ümummilli liderimiz Heydər Əliyev gənc nəslin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakını daim ön planda saxlamış, buna nail olmağın yolunu isə elmin və təhsilin inkişafında görmüşdür. Azərbaycanda mütərəqqi təhsil strategiyasının əsasını qoyan dahi şəxsiyyət deyirdi ki, “Müstəqil Azərbaycanın dövlətçiliyini, iqtisadiyyatını, elm və mədəniyyətini yalnız həqiqi təhsil, bilik almış adamlar inkişaf etdirib irəlilədə bilər”. Həqiqətən də, təhsilin dövlət və cəmiyyət quruculuğu prosesində rolu əvəzsizdir. “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”, - deyən ölkə Prezidenti cənab İlham Əliyev də təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirmişdir”.
“Təhsildə əsas hədəf qazanılan bilik və bacarıqları iqtisadi amilə çevirməkdir. Bu isə yaxşı mütəxəssis hazırlığından başlayır”,- deyən Ali Məclisin Sədri bildirib ki, çalışın qazandığınız bilikləri praktikada tətbiq edərək ölkəmizə fayda verəsiniz. Bir sözlə, seçdiyiniz peşəni dərindən öyrənməklə yanaşı, həm də geniş dünyagörüşünə malik olmalı, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacarmalı, dəyərlərinə və tarixinə sahib çıxan, müasir təfəkkürlü kadrlar kimi yetişməlisiniz.
Ali Məclisin Sədri tələbə adını qazanmış hər bir gəncə bu yolda uğurlar arzulayıb, çıxışını ümummilli liderimiz Heydər Əliyevin gənclərə tövsiyəsi ilə tamamlayıb: “Zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz - yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız”.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq işləri kəndlərin abadlaşmasına, müasir infrastrukturun yaradılmasına səbəb olub. Bu gün Ali Məclis Sədrinin qayğısı ilə muxtar respublikanın hər bir yaşayış məntəqəsi köklü şəkildə dəyişilib, insanların rifahı üçün yeni-yeni quruculuq işləri görülür. Aparılan uğurlu siyasətin nəticəsidir ki, muxtar respublikada ulu öndər Heydər Əliyevin arzuları gerçəkləşərək diyarımız cənnətməkana dönüb. Həmin quruculuq işlərindən Ordubad rayonuna da pay düşüb. Rayonda kompleks quruculuq işləri aparılıb, əhali dayanıqlı qaz, işıq, su ilə təmin olunub. Bu il Ordubad rayonu ərazisində Dırnıs, Kələki, Unus, Pəzməri kəndlərində kompleks tikinti-quruculuq işləri aparılır, infrastruktur yenidən qurulur. Yollar yenidən çəkilir, körpülər salınır, digər lazımi tədbirlər görülür. Bununla bərabər rayonda 2 su elektrik stansiyası tikilir, rayonun qədim tarixə malik olan Ordubad Cümə məscidi əsaslı şəkildə bərpa edilir. Rayon stadionu yenidən qurulub. Görülən işlər hər bir sakini ruhlandırır və sevindirir.
Sentyabrın 15-i Aşağı Əndəmic kəndinin tarixində çox əlamətdar günə çevrilib. Əndəmic kəndində məktəb, kənd və xidmət mərkəzləri tikilib, yollar əsaslı şəkildə təmir olunub, asfalt örtük verilib, kənddə müasir tipli ATS əhalinin istifadəsinə verilib.
Ən ucqar yaşayış məntəqələrində də müasir təhsil infrastrukturu yaradılır
Muxtar respublikanın hətta ən ucqar yaşayış məntəqələrində yaradılan hərtərəfli şərait burada yüksək təhsilli, vətənpərvər gənclərin yetişməsinə və onların muxtar respublikanın, ölkəmizin və dünyanın ən müasir ali təhsil müəssisələrində təhsil alacaq səviyyəyə yüksəlmələrinə yol açır. Həmin yaşayış məntəqələrindəki məktəblərdə zəngin kitabxana fondu və elektron dərslik təminatı, xarici dillərin tədrisi, elm müəssisələri, eləcə də muzeylərlə məktəblər arasında keçirilən interaktiv dərslər şagirdlərin təhsili ilə yanaşı, həm də dünyagörüşünün formalaşmasına və inkişafına mühüm töhfə verir. Görülən bu işlərin davamı olaraq sentyabrın 15-də - Bilik Günündə Əndəmic kənd tam orta məktəbinin yeni binasının açılışı olub.
Ali Məclisin Sədri muxtar respublikanın bütün təhsil müəssisələrinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri yeni tədris ilinin başlanması, Əndəmic kənd tam orta məktəbinin kollektivini isə həm də yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib. Ali Məclisin Sədri deyib: “Bu gün təhsilin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, bilikli, peşə sahibi, vətənpərvər, Ulu Öndərin ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirməkdir. Pedaqoji fikirdə də belə bir qayda var ki, şagirdlərin mənəvi dünyasını yalnız tədrisə, oxumağa sığışdırmaq olmaz; o məktəbli olmaqla yanaşı, həm də çoxtərəfli maraqları, istəkləri və hədəfləri olan insana çevrilməlidir. Əsl müəllimlər şagirdlərinə hazır bilikləri verənlər yox, onların təfəkkürünün formalaşmasına kömək edənlərdir. Ona görə də təhsil müəssisələrinin rəhbərləri, pedaqoji kollektivlər yaradılanlardan səmərəli istifadə etməli, keçirilən dərslərdə tariximizə, dilimizə, adət və ənənələrimizə, milli dəyərlərimizə hörmət və qayğı aşılanmalı, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Təhsilli və vətənpərvər gənclikdən danışırıqsa, məktəblə bərabər cəmiyyətin hər bir üzvünün də üzərinə mühüm vəzifələr düşdüyünü unutmamalıyıq. Gənclərin təhsili və tərbiyəsi təkcə məktəbin işi deyil, bu, həm də ictimai vəzifədir. Aid dövlət qurumları, eləcə də ailələr gənclərin təlim-tərbiyəsinə kömək etməli, sağlam ailə-məktəb münasibətləri formalaşmalı, valideynlər tədris prosesinə cəlb edilərək övladının davamiyyəti, intizamı və təhsili barədə mütəmadi məlumatlandırılmalı, şagirdlərin məktəbdənkənar asudə vaxtları səmərəli təşkil olunmalıdır. Gənclərimiz də onlara göstərilən etimadı doğrultmalı, hərtərəfli təhsil alaraq peşə sahibinə çevrilməlidirlər. Biliklərə dərindən yiyələnməli, öz intellektual və yaradıcı potensiallarını müstəqil Azərbaycanın inkişafına sərf etməlidirlər”.
Muxtar respublika rəhbəri bu yolda kollektivə uğurlar arzulayıb və çıxışını ümummilli lider Heydər Əliyevin fikirləri ilə tamamlayıb: “Dövlət üçün, xalq üçün gənclik hər şeydən qiymətlidir. Gənclərin sağlam böyüməsi, yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir, daimiliyidir, əbədiliyidir”.
Sonra Ali Məclisin Sədri məktəbdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 252 şagird yerlik məktəbdə 14 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, 2 qarderob, idman zalı, anbar və təsərrüfat otağı yerləşir. Kitabxana fondunda 4981 kitab vardır. STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilib. Şagirdlərin hazırladıqları “Günəş izləmə sistemi”, “Xətt izləyən robot”, “Alqoritmlə işləyən işıqfor” layihələri Ali Məclisin Sədrinə təqdim edilib.
Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda keçirilən interaktiv dərsi izləyib. Muxtar respublika rəhbəri birinci sinifdə təhsil alan şagirdlərin dərs prosesi ilə maraqlanıb. Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Kənd və xidmət mərkəzləri istifadəyə verilir, yol infrastrukturu gücləndirilir
Müasirliyi ilə göz oxşayan Naxçıvanda həyata keçirilən nümunəvi və ən gözəl layihələrdən biri də kənd mərkəzləri layihəsidir. Muxtar respublikanın kəndlərində inşa olunan kənd mərkəzləri sakinlərin rahat, firavan yaşayışını təmin etmək məqsədi daşıyır. Belə ki, məzmun və mahiyyətcə yeni obyektlər olan kənd mərkəzləri yaradılmazdan əvvəl kəndlərdə fəaliyyət göstərən ayrı-ayrı dövlət qurumları müxtəlif yerlərdə, köhnə, uyğunlaşdırılmış binalarda yerləşirdi. Əhalisi çox olan kəndlərdə mövcud vəziyyət insanları çətinliyə salırdı. Sakinlər müəyyən yerli məsələlərin həlli üçün xeyli vaxt sərf etməli olurdular. Kənd mərkəzləri yaradıldıqdan sonra vəziyyət müsbətə doğru dəyişdi: bütün yerli dövlət qurumlarının hamısı bir mərkəzdə yerləşdirildi, fəaliyyətlərinin səmərəli təşkili üçün şərait yaradıldı. İndi bir binaya üz tutmaqla bir neçə məsələni yerindəcə həll etmək mümkündür.
Sentyabrın 15-də Aşağı Əndəmic kənd mərkəzi istifadəyə verilib. Ali Məclisin Sədri binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
Hər bir ölkədə sosial-iqtisadi tərəqqini şərtləndirən amillərdən biri də yol-nəqliyyat infrastrukturunun inkişafıdır. Çünki müasir tələblərə cavab verən yolların mövcudluğu rahat hərəkəti təmin etməklə yanaşı, yerli istehsal məhsullarının itkisiz daşınmasına, turizmin inkişafına imkan verir. Muxtar respublikada da müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Ordubad şəhər-Aşağı Əndəmic kənd avtomobil yolu yenidən qurulub. Sentyabrın 15-də Ali Məclisin Sədri yolda görülən işlərlə maraqlanıb.
Həmin gün Ali Məclisin Sədri Aşağı Əndəmic kəndində xidmət mərkəzinin də açılışını edib. Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların sayının artırılması barədə tapşırıq verib. Sonra sakinlərlə görüş olub.
Muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Tarixi-memarlıq abidələri, məscid, imamzadə və ziyarətgahlar bərpa olunur. Ordubad şəhərindəki qədim Cümə məscidində də bərpa işləri davam etdirilir. Sentyabrın 15-də Ali Məclisin Sədri Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpası ilə maraqlanıb. Ali Məclisin Sədri bərpa işlərinin davam etdirilməsi və ətrafdakı yolun genişləndirilməsi barədə tapşırıqlar verib.
Həmin gün Ali Məclisin Sədri Ordubad şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə maraqlanıb. Muxtar respublika rəhbəri stadionda rayondaxili və rayonlararası yarışların keçirilməsi, qurulanların qorunması ilə bağlı tapşırıqlar verib.
Türkiyə-Azərbaycan əlaqələrində Naxçıvanın mühüm yeri var
Qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafının əsas amilləri ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələrdir. Bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında iqtisadi-ticarət, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və nəqliyyat sahələrində əlaqələr uğurla inkişaf etdirilir. 2019-cu il avqustun 15-də Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa hava dəhlizi açılıb. Naxçıvan Muxtar Respublikasında Türkiyəyə məxsus sahibkarlıq subyektləri fəaliyyət göstərir. Muxtar respublikanın ali təhsil ocaqlarında yüzlərlə Türkiyə vətəndaşı müxtəlif ixtisaslar üzrə təhsil alırlar. “Erasmus+” və “Mövlana” proqramları çərçivəsində Naxçıvan Dövlət Universiteti Türkiyənin onlarla universiteti ilə tələbə və müəllim mobilliyi sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb. 2017-ci ildə Türkiyə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına əsasən Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlərin tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı yaradılması, eləcə də 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının İğdır Ticarət Evinin istifadəyə verilməsi də ikitərəfli münasibətlərin uğurlu nəticəsidir.
Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri nümayəndə heyətini salamlayıb, Naxçıvanın Türk dünyasının mərkəzində yerləşdiyini və mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərindən danışan Ali Məclisin Sədri Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarının Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə etdiyini bildirib və İkinci Qarabağ müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstəyə diqqəti çəkib.
Azərbaycan-Türkiyə əlaqələrinin türk cümhuriyyətlərinin birliyinə xidmət etdiyini bildirən Ali Məclisin Sədri Türkiyə Böyük Millət Məclisində Azərbaycanla bağlı müzakirə olunan bütün məsələlərin yekdilliklə qəbul edilməsinə görə nümayəndə heyətinə təşəkkür edib.
Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Milli Müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri nümayəndə heyətini Naxçıvanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasındakı hərbi əməkdaşlıqdan bəhs edib. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində görülən işləri və həyata keçirilən hərbi təlimləri diqqətə çatdıran Ali Məclisin Sədri Naxçıvanda müdafiə təhlükəsizliyinin təmin olunduğunu bildirib, İkinci Qarabağ müharibəsində Türkiyə dövlətinin siyasi dəstəyini qeyd edib.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əsasını qoyduğu Azərbaycan-Türkiyə əlaqələrinin ölkə Prezidentləri tərəfindən uğurla davam etdirildiyini və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib, Qars müqaviləsi və Şuşa bəyannaməsinin bu mənada əhəmiyyətini vurğulayıb. Görüşdə əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Naxçıvanda elmin inkişafı müstəqilliyin bəhrəsidir
Elmi əsaslara söykənməyən heç bir işin gələcəyi yoxdur və ya elmi əsası olmayan istənilən yol, nəticə etibarilə, iflasa məhkumdur. Sevindirici haldır ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan digər sahələrdə olduğu kimi, elm sahəsində də həmişə öz nailiyyətləri ilə seçilib, dünya elminə töhfələri ilə diqqəti cəlb edib. Ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi təsis edilib. Ulu Öndər bu barədə deyib: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi - həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür. Bunları nəzərə alaraq, mən bu Sərəncamı vermişəm”.
Fəaliyyəti dövründə bölmədə, ümumilikdə 17 beynəlxalq simpozium və konfrans keçirilib, mindən artıq kitab, albom, monoqrafiya, tezis və məqalə çap olunub, 37 patent alınıb, bölmə əməkdaşları 4-ü beynəlxalq olmaqla, 23 qrant layihəsinin qalibi olublar. Bölmənin strukturunda 6 elmi-tədqiqat müəssisəsi, eləcə də elmi kitabxana və nəşriyyat fəaliyyət göstərir. Bölmədə elmi işçilərdən 2-si akademik, 4-ü Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 4-ü elmlər doktoru, 51-i fəlsəfə doktoru, 57-si isə doktorant və dissertantdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 4 ixtisas üzrə 2 Dissertasiya Şurası fəaliyyət göstərir. Bu illər ərzində muxtar respublikada 27 beynəlxalq və 7 yerli arxeoloji ekspedisiya təşkil edilib və fəaliyyət uğurlu olub.
Naxçıvan Bölməsinin fəaliyyəti dövründə icra edilən elmi-tədqiqat işlərinin 187 mühüm nəticəsi Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabatlarına daxil edilib. Bölmənin maddi-texniki bazası ilbəil möhkəmləndirilib, yüksək səviyyədə iş şəraiti yaradılıb. Bölmədə 5 elektron portal yaradılıb, elektron kitabxana formalaşıb.
Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Ali Məclisin Sədri müşavirədə çıxış edərək deyib: “Hər bir mütərəqqi cəmiyyətdə elmin inkişafı dövlətin əsas vəzifələri sırasındadır. Çünki elm inkişaf etmədən nə sosial-iqtisadi tərəqqidən, nə də yüksək rifahdan danışmaq mümkündür. Muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlər, ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması və müasir elmi-texniki infrastrukturun formalaşdırılması uğurlu nəticələrin qazanılmasına səbəb olmuşdur. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması ilə bağlı keçirilən müşavirədə Ümummilli Liderimiz bu qərarın vacibliyini vurğulamış və qarşıya mühüm vəzifələr qoyaraq demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var. Ona görə ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, Azərbaycan xalqının tarixində, ümumiyyətlə, Azərbaycan anlayışında çox böyük yer tutur”. Ötən dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Ulu Öndərin müəyyənləşdirdiyi vəzifələrin icrasını diqqətdə saxlamış, Naxçıvanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı, etnoqrafiyası, folkloru, adət-ənənələri, abidələri, təbiəti və təbii sərvətləri ətraflı öyrənilmiş, Naxçıvanşünaslıq mühüm elmi nailiyyətlərlə zənginləşdirilmişdir”.
Ali Məclisin Sədri bütün bu nailiyyətlərə görə bölmənin kollektivinə təşəkkür edib.
“Ümummilli liderimiz Heydər Əliyev elmin hər bir ölkə üçün əhəmiyyətinə də diqqəti çəkərək deyirdi ki, “Hansı iqtisadiyyat olur-olsun, elm inkişaf etməlidir”. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində elmi nailiyyətlərin tətbiqi qarşıya mühüm vəzifələr qoyur”, - deyən Ali Məclisin Sədri muxtar respublikada elmin inkişafı ilə bağlı müvafiq tapşırıqlar verib.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatına verilən tapşırıqların icrasının diqqətdə saxlanılması və aidiyyəti üzrə məlumat verilməsi tapşırılıb.
Respublikamızın tərəfdaşı olan ölkələrlə əlaqələr genişlənir
Naxçıvanın sosial-iqtisadi, mədəniyyət, təhsil və digər sahələrdə böyük inkişaf yolu keçməsi muxtar respublika ilə dünyanın bir sıra dövlətləri arasında ölkələrimizin münasibətləri çərçivəsində əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə geniş imkanlar açıb. Bu gün hətta coğrafi baxımdan uzaqda yerləşən bir sıra ölkələr də bu məsələyə xüsusi maraq göstərir, həmin dövlətlərin diplomatlarının muxtar respublikamıza səfərləri zamanı onlar elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələrin inkişafında maraqlı olduqlarını vurğulayırlar.
Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellailə görüşüb. Ali Məclisin Sədri ölkələrimiz arasındakı əlaqələrdən bəhs edib, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının blokada şəraitində yaşadığını bildirib. Muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq və enerji təhlükəsizliyi sahəsində görülən işləri diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Argentina arasında əlaqələrin, xüsusilə də universitetlərarası əməkdaşlığın inkişafı üçün potensialın olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, xatirə şəkli çəkdirilib.
Vətən müharibəsi şəhidlərinin xatirəsinə dərin ehtiram
27 sentyabr ölkəmizin tarixində xüsusi yerə malikdir. Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatlarına başladı. Müzəffər və rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində uğurlu əməliyyatlar keçirərək düşməni darmadağın etdi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu.
Haqq-ədalətin bərpa olunmasında Naxçıvandan olan igid oğullar da qəhrəmancasına mübarizə apardı, öz vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirərək ərazi bütövlüyümüzün təmin olunmasında şücaət göstərdilər. Dövlətimizin başçısının dediyi kimi: “Naxçıvanlılar ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Anım Günü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Qurani-Kərim”dən ayələr oxunub.
Görülən işlər, həyata keçirilən tədbirlər Naxçıvanın parlaq gələcəyinə təminat verir
Bir millətin əsrlərboyu yaşadığı, adətinin, ənənəsinin, varlığının, milli şüurunun, birliyinin dəyişməz ünvanı olan Vətən təkcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən sonsuz sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Çünki elimiz, obamız bu torpaqlardadır. Əcdadlarımız bu torpaqlarda uyuyurlar. Onlar bu torpaqlarda yaşayıb, onu canları, qanları bahasına qoruyub, şəhidlik zirvəsinə ucalıb, amma həmişə Vətən sərhədlərinin toxunulmazlığını təmin ediblər. Sentyabrın 27-dən başlayaraq Azərbaycanın mərd oğulları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ənənəmizə sadiq qalaraq ölkəmizin ərazi bütövlüyün bərpa etdilər. 30 illik işğal 44 gün içində aradan qaldırıldı, düşmənin 200 illik məkrli siyasəti “Dəmir yumruq”la məhv edildi. Ölkəmiz döyüş meydanında olduğu kimi, diplomatiya cəbhəsində də çox böyük və bundan sonra hələ xeyli danışılacaq, müzakirə olunacaq, mahiyyəti daha da aydın anlaşılacaq əhəmiyyətli bir Zəfərə də imza atdı. Hərbi, siyasi və mənəvi cəhətdən tamamilə darmadağın edilmiş düşmən Ali Baş Komandanımızın şərtlərini qəbul edərək təslim oldu və bununla əlaqədar imzalanan bəyanata - kapitulyasiya sənədinə ölkəmiz və ümumilikdə, region üçün böyük önəm kəsb edən 9-cu maddə əlavə edildi. Bu maddənin bəyanata əlavə olunması ilə birlikdə Azərbaycan işğal faktını tamamilə ortadan qaldırmaqla yanaşı, digər bir mühüm məsələni - 30 ildir ki, blokada vəziyyətində saxlanılan Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi kimi çox önəmli və tarixi bir məsələni də həll etmiş oldu. Ölkəmizin əsas hissəsi ilə muxtar respublika arasında quru yolla əlaqələrin qurulması Naxçıvanın sürətli və davamlı inkişafını şərtləndirəcək, illərdir mövcud olan bir sıra problemlərin kompleks şəkildə həllinə imkan verəcək, Türkiyənin türk dünyası ilə əlaqələrinin inkişafı yeni mərhələyə qədəm qoyacaqdır. Qarsdan Naxçıvana dəmir yolu xətti layihəsinin reallaşdırılması ilə bağlı ciddi siyasi iradənin olması isə deməyə əsas verir ki, həmin layihə həyata keçirildiyi vaxt Türkiyənin, Avropa ölkələrinin Çin və digər Şərq ölkələri ilə yükdaşımalarının muxtar respublika ərazisindən həyata keçirilməsi mümkün olacaqdır. Beləliklə, Naxçıvan təkcə blokadadan xilas olmayacaq, həm də geostrateji baxımdan çox vacib, eyni zamanda yük daşımaları baxımından sərfəli olan beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. Bütün bunlar Naxçıvanın parlaq gələcəyinə təminat verəcək. Gələcək nəsillər isə 30 illik blokada dövründə yazılan inkişaf, tərəqqi və yüksəliş dastanını maraqla oxuyacaq, abadlıq-quruculuq işlərini həyata keçirən, Naxçıvanı zirvələrə yüksəldən vətənpərvər insanların göstərdikləri fədakarlıqlar qarşısında baş əyəcəklər.
Rauf Kəngərli
AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri