İQTİSADİYYAT
İnternet provayderlər və operatorlar üçün praktiki təlim təşkil edilib
Bakı, 30 avqust, AZƏRTAC
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mütəxəssisləri tərəfindən ölkədə fəaliyyət göstərən internet provayder və operatorların nümayəndələri üçün dövri hesabatvermə üzrə ilk praktiki təlim keçirilib.
İKTA-dan AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi internet provayder və operatorlar tərəfindən tənzimləyici quruma göndəriləcək müxtəlif növ dövri hesabatların düzgün doldurulması üzrə nəzəri və praktiki biliklərin artırılmasıdır. 15 şirkətdən 14 nümayəndənin iştirak etdiyi təlimdə telekommunikasiya bazarının iştirakçıları tərəfindən tənzimləyici quruma təqdim olunacaq müxtəlif növ dövri hesabatların, o cümlədən keyfiyyət göstəriciləri üzrə hesabat, maliyyə göstəriciləri üzrə hesabat, təsərrüfat göstəriciləri üzrə hesabat, sahibkarlıq və biznes mühitinin qiymətləndirilməsi üzrə hesabatların doldurulması İKTA mütəxəssisləri tərəfindən əyani şəkildə nümayiş etdirilib, izahlı təlimatlar və tövsiyələr verilib.
Bundan başqa, təlim iştirakçılarının hesabatlara daxil edilən məlumatlarda ən çox edilən xətalarla bağlı İKTA-ya yönləndirdikləri suallar ətraflı cavablandırılıb, müzakirə və fikir mübadiləsi aparılıb.
İKTA-nın topladığı dövri hesabatlardan telekommunikasiya sahəsində xidmət bazarlarının, eləcə də bu sahədə digər təhlillərin aparılması, xidmət bazarlarının formalaşdırılması istiqamətində tədbirlər görmək üçün istifadə olunacaq.