İqtisadçı: Qida emalı sahəsində həllini gözləyən problemlər qalmaqdadır
Bakı, 21 noyabr, AZƏRTAC
Ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biri olan yeyinti və qida sənayesinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətin diqqət mərkəzindədir. Azərbaycanda qida sənayesinin əsas növlərinin istehsalının dinamikası son on ildə qeyri-neft sektorunun müxtəlif sahələrinin, xüsusilə əlavə dəyər yaratmaq qabiliyyəti ilə seçilən sahələrin inkişafı üçün ciddi və kompleks tədbirlər həyata keçirilməsinə səbəb olub. Bu isə ölkə iqtisadiyyatının inkişafına töhfə verib.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı Kamran Hacıyev bildirib. O qeyd edib ki, son illər qida sənayesi müəssisələrinin, xüsusən də respublikanın regionlarında inkişaf potensialının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həmçinin qida emalı müəssisələrinin yaradılmasında və bu sahədə istehsal olunan məhsulların həcmində artım müşahidə olunur. Dövlət Statistika Komitəsi tərəfindən də cari ilin yanvar-oktyabr aylarında qida məhsullarının istehsalında 9,5 faiz artımın olması barədə məlumatı bunun bariz göstəricisidir: “Bununla belə, bu sahədə müəyyən həllini gözləyən problemlər qalmaqdadır. Xammal üzrə qismən idxal asılılığı, bəzi müəssisələrdə köhnə texnologiyaların qalması, qida təhlükəsizliyi standartlarının tam tətbiq olunmaması və logistika infrastrukturunun kifayət qədər inkişaf etməməsi əsas problemlər sırasında yer alır. Bu məsələlərin həlli üçün istehsalın modernizasiyası, qida təhlükəsizliyi sistemlərinin geniş tətbiqi, yerli xammal bazasının inkişafı, soyuducu zəncir logistikasının gücləndirilməsi və peşəkar kadr hazırlığının artırılması vacibdir”, - deyə iqtisadçı əlavə edib.
“Ümumilikdə isə Azərbaycanda qida sənayesinin inkişafı üzrə dövlət proqramı çərçivəsində yeni yüksək texnologiyalar əsasında ən müasir qida emalı müəssisələrinin tikintisi nəzərdə tutulur ki, bu da ölkənin yeyinti sənayesinin maddi-texniki bazasının əhəmiyyətli dərəcədə artmasına töhfə verəcək”, - deyə K.Hacıyev bildirib.