İqtisadiyyat İnstitutunda Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi müzakirə olunub
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun “Kreativ iqtisadiyyat” diskussiya klubunda “Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi” mövzusunda elmi müzakirələr keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin numizmatika fondunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova “Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi” mövzusunda təqdimatla çıxış edib. O, qədim Albaniya, Atropatena dövlətlərindən başlayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək olan uzun tarixi bir zamanda sikkələrin buraxılması və pul dövriyyəsi haqqında geniş məlumat verib. Azərbaycanda tarixboyu mövcud olan zərbxanalar barədə danışıb.
Muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Sənubər Qasımova “Azərbaycanda kağız pulların təşəkkülü və inkişafı” mövzusunda məruzə edib. Alim 1918-ci ilə aid Bakı şəhər dairəsinin pul nişanları, Bakı şəhər təsərrüfatı şurasının, Zaqafqaziya Komissarlığının kağız pul emissiyaları, Azərbaycan Xalq Cümhuriyyətinin kağız pul nişanları (1919-1920-ci illər) və SSRİ dövründə buraxılan kağız pullar barəsində danışıb. O, məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin milli pul vahidi olan Bakı bonlarını xüsusi vurğulayıb.
Tədbirdə Azərbaycan ərazilərində müxtəlif dövrlərdə sikkələrin və kağız pulların buraxılması, tədavülü, dövriyyəsi, sosial-iqtisadi və dövlətçilik tariximiz baxımından əhəmiyyəti ətrafında geniş müzakirələr aparılıb.
Xatırladaq ki, “Kreativ iqtisadiyyat” diskussiya klubunda mütəmadi olaraq seminarlar keçirilir. Onun fəaliyyəti iqtisadçı alimlərin dövlət qurumları ilə əməkdaşlığını gücləndirmək baxımından da böyük əhəmiyyət kəsb edir. Burada təkcə institutun alimləri deyil, həmçinin kənar təşkilatlardan dəvət olunmuş mütəxəssislər, dövlət və hökumət orqanlarının nümayəndələri çıxış edirlər.