CƏMİYYƏT
İradə İbrahimova: Təbiətə etinasız münasibət bizi həm təəccübləndirir, həm də təəssüfləndirir
![İradə İbrahimova: Təbiətə etinasız münasibət bizi həm təəccübləndirir, həm də təəssüfləndirir](/files/2023/2/1200x630/16888136344042958506_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
Hər həftənin şənbə günü istər Xəzərin sahillərində, istər meşə ərazilərində, istərsə də çay qırağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən genişmiqyaslı təmizlik aksiyaları keçirilir. Təəssüf ki, hər həftə də bir-birindən utancverici vəziyyətlə qarşılaşırıq. Düşünürük ki, bəlkə vətəndaşlar keçirilən təmizlik aksiyalarından dərs çıxarar, məsuliyyətli olar, təmiz ərazini çirkləndirməyə vicdanları yol verməz. Əfsuslar olsun ki, gəlib daha da xoşagəlməz mənzərəyə şahid oluruq.
Tullantıları təmizləmək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işi deyil. Keçirdiyimiz aksiyalar təbliğat, maarifləndirmə və çağırış xarakterlidir. Biz şahid olduqlarımızı vətəndaşlara göstərmək istəyirik ki, bəlkə tullantıları dincəldikləri ərazilərə atmaqdan utanalar. Rəsmi şəxslərin də aksiyalarda iştirakı vətəndaşlara bir örnək olmalıdır.
Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
"Vətəndaşların təbiətə etinasız münasibəti bizi həm təəccübləndirir, həm də təəssüfləndirir. İstər yaşıllıqlara ziyan vurulması, istər tullantıların çay sahillərinə, sahilyanı və meşəlik ərazilərə atılması təbiətə qarşı qəddar münasibətdir. Şahidi oluruq ki, biri kaktus ağacının yarpağına nəsə yazır, digəri ağac kəsir, kimisi parka gözəllik verən gülü qoparır. Bu cür məsuliyyətsiz vətəndaşlarımıza nə deyək? Ətraf mühitə qarşı belə laqeyd yanaşma görəsən nə zamana kimi davam edəcək? Təbiətə qarşı belə qəddar münasibət dəyişmədikcə istirahət etdiyimiz ərazilərin tullantılarla çirklənməsinin şahidi olacağıq.
Xəzər dənizinin, çay sahillərinin, meşələrin və ümumiyyətlə, təbiət ərazilərinin tullantısız, təmiz olması hamımızın vətəndaş məsuliyyətidir. Burada elə çətin bir iş də yoxdur. Yaşından asılı olmayaraq hər kəs hara gəldi tullantı atmamağa, toplanan tullantını yalnız zibil qutusuna tökməyə vərdiş etməlidir. Ən pisi bilirsiniz nədir? Valideynlərinin təbiətə məsuliyyətsiz yanaşmasını görən uşaqlar da eynisini təkrarlayacaq. Odur ki, ilk öncə böyüklər özləri ətraf mühitə ziyan vurmamağı öyrənməli və bunu azyaşlılara aşılamalıdırlar. Bununla, inanın ki, təkcə təbiət ərazilərində deyil, həmçinin kəndlərdə, qəsəbələrdə də təmizliyə nail olacağıq. Hər kəs məsuliyyətli olmalı və özündən başlamalı, ətrafındakılara əyani örnək olmalıdır. Əraziləri çirkləndirənlər, ağacları kəsənlər, bitkilərə ziyan vuranlar hər kəs tərəfindən qınanmalıdır ki, onlar bu utancverici vərdişlərindən əl çəksinlər", - deyə İ.İbrahimova bildirib.