İran parlamenti Ermənistanın İslam mədəniyyətinə qarşı terror siyasətinə göz yumub - Politoloq
Bakı, 8 aprel, AZƏRTAC
İran parlamentinin Azərbaycan əleyhinə çıxardığı hansısa müzakirələr qəbuledilməzdir. Ümumilikdə bu ölkənin bütün siyasi dairələri kimi parlamenti də sanki məntiq və siyasət qanunlarından bixəbər adamlardan təşkil olunub. Çünki nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil ölkədir və bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemi kontekstində atdığı addımlar heç kimi narahat etməməlidir. Eyni zamanda, Azərbaycanın İsraildə səfirlik açmasının İrana heç bir aidiyyəti yoxdur. İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açması məsələsini kontekstdən çıxararaq öz maraqlarına uyğun şərh etməsi isə əsla qəbul edilən deyil. Xüsusi bir məsələ isə ondan ibarətdir ki, İran parlamenti bununla Azərbaycanın daxili işlərinə qarışmağa çalışır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.
O deyib: "Hər zaman beynəlxalq birliyi daxili işlərinə qarışmaqda, bu ölkədə xaos yaratmaqda günahlandıran İran parlamentinin Azərbaycan əleyhinə bu tip boğazdan yuxarı bəyanatlar səsləndirməsi İranın əsl mahiyyətini növbəti dəfə ifşa edir. Digər tərəfdən Azərbaycan təkcə İsraildə səfirlik açmayıb, eyni zamanda, Ramallahda - Fələstində nümayəndəlik ofisi açsa da, İran parlamentdəki müzakirələrdə bu məsələyə bir dəfə də olsun toxunulmayıb".
Politoloq qeyd edib ki, torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalı müddətində İran parlamenti heç bir addım atmayıb, Azərbaycan məscidlərinin donuz fermasına çevrilməsinə göz yumub. Bu gün də ortaya çıxan faktlar sübut edir ki, Ermənistan Azərbaycanın dini abidələrinə və bütöv İslam mədəniyyətinə aid olan sərvətlərinə, məscidlərinə qarşı hansı vandallıqları törədib. Amma nəyə görədirsə hələ də İran parlamenti Ermənistanın Azərbaycan məscidlərinə və İslam mədəniyyətinə qarşı həyata keçirdiyi bu terror siyasətinə səs çıxarmayıb. Bu baxımdan hesab edirəm ki, İran parlamenti özünü gözdən salmağa davam etmək yerinə iki ölkə münasibətlərinin normallaşdırılması üçün ölkə rəhbərliyinə daha açıq və daha rasional çağırışlar etməlidir.