İsa İsmayılov: Paşinyanın ucuz piar sevdası nəinki mütəxəssisləri, hətta sadə insanları təəccübləndirdi
Bakı, 15 aprel, AZƏRTAC
Rusiya istehsalı olan Su-35 və MiQ-35 döyüş təyyarələrinin alınmasında Azərbaycan tərəfinin maraqlı olduğu barədə yayılan rəsmi məlumat Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün “soyuq duş” effekti yaratdı.
Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant İsa İsmayılov deyib.
İ.İsmayılov bildirib ki, Paşinyan hökumətinin qəpik-quruşu hesabına dolanan və onun nəzarətində olan erməni mətbuatı Ermənistanın “yeni silahlar” hazırlaması, hətta “tam erməni istehsalı olan super silah”ın istehsalına başlanması barədə məlumatlar yaymağa başladı. Gündə bir mövzu ilə xalqının başını qatmaq üçün yollar arayan N.Paşinyan bu dəfə Ermənistanın hərbi aviasiya sahəsində Azərbaycandan “xeyli irəlidə” olması barədə növbəti əfsanə uydurdu.
Özünün “Facebook” səhifəsində video paylaşaraq ona “Ermənistan hərbi aviasiyası tarixdə ilk dəfə səs sürətini aşaraq uçmağa nail oldu” şərhini yazan N.Paşinyan hakimiyyətə gələnədək etdiyi populist çıxışları bu gün davam etdirir.
Əslində, burada yeni heç nə yoxdur. Səs sürətini aşaraq uçan hərbi aviasiya uzun illərdir mövcuddur. Amma bu dəfə də Ermənistanın baş nazirinin ucuz piar sevdası nəinki mütəxəssisləri, hətta sadə insanları belə təəccübləndirdi. Əvvəla, təqdim edilən videonun kobud qüsurlarla montaj olunduğu aydın görünür. Çəkilişlərin bir hissəsi real təlim uçuşlarını əks etdirsə də, digər qisminin uçuş simulyatorunda yerinə yetirildiyi açıq-aydın sezilir. Su-30 SM döyüş təyyarələrinin uçuş xüsusiyyətlərindən azacıq anlayışı olanlar bilirlər ki, təlim-döyüş tapşırıqlarını icra etmək üçün havaya qalxan bu tip aviasiya vasitəsi “böyük Ermənistanın bütün ərazisini örtür”. O ki qaldı, səsdən sürətli sürət həddini aşmağa, bu manevri icra etmək üçün Ermənistan ərazisi yetərli deyil. Bu tapşırığı yerinə yetirmək istəyən “erməni as pilotlar” qonşu dövlətlər olan İran, Rusiya, Gürcüstan, Türkiyə və ya Azərbaycanın hava məkanını mütləq pozmalıdır. İndi qalır sadəcə bir suala cavab tapmaq: səsdən yüksək sürətlə uçmağa nail olan erməni pilotu hara uçub?”.