ISESCO-nun əməkdaşları Mərakeşdə koronavirusla mübarizə tədbirlərinə maddi yardım ediblər
Qahirə, 23 mart, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Rabatda yerləşən mənzil-qərargahının 20-dən çox xalqa mənsub olan əməkdaşları əməkhaqlarının bir hissəsini Mərakeşin koronavirusa qarşı mübarizə Fonduna köçürməyi qərara alıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Fondun təsisçisi, Mərakeş Kralı VI Məhəmmədə onların fəaliyyətinə yaratdığı gözəl şəraitə görə minnətdarlıq edən ISESCO əməkdaşları koronavirus bəlasının tezliklə yox olmasını, bu ölkənin və digər xalqların ondan qurtulmasını arzu etdiklərini bildiriblər.
Qeyd edək ki, ISESCO koronavirusla mübarizə sahəsində, xüsusən İslam aləmində müasir texnologiyaların tətbiqi vasitəsilə təhsilin davam etdirilməsi üzrə fəaliyyətini genişləndirib. Bu məqsədlə varlı müsəlman ölkələrinin imkanlarından geniş istifadə olunması nəzərdən keçirilir. Təşkilat şəraitə uyğun şəkildə təhsil, mədəniyyət və elmi layihələrin həyata keçirilməsi imkanlarını da müzakirə edir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə