İsmayıllı gəncləri “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyasına qoşulublar
İsmayıllı, 25 mart, AZƏRTAC
YAP İsmayıllı rayon təşkilatının gənc fəalları Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyaya qoşulublar.
Partiyanın rayon təşkilatından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiyanın məqsədi əhalinin sağlamlığını diqqətdə saxlamaq, Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir. Koronavirusun ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi elan edilib. Karantin rejimi çərçivəsində 65 yaşdan yuxarı insanlara evdən çıxmaları qadağan olunub. Bu da koronavirusa yoluxma riski yüksək olan həmin kateqoriyadan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir. Bu məqsədlə YAP rayon təşkilatının fəal gəncləri köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkir, vətəndaşlara koronavirusdan qorunmaq, sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırır, onları xəstəlikdən qorunma yolları ilə əlaqədar məlumatlandırırlar.
Ahıl insanlar bu nəcib təşəbbüsə görə gənclərə təşəkkür edir, koronavirusla mübarizədə ölkə rəhbərliyinin göstərdiyi səylərə görə minnətdarlıqlarını bildirirlər.