İsmayıllının üzüm bağlarında becərmə işləri davam etdirilir
İsmayıllı, 22 iyun, AZƏRTAC
İsmayıllı üzümçüləri plantasiyalarda becərmə işlərini davam etdirirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda 1161,1 hektar üzüm bağı var. Onun da 1030 hektarı bar verəndir. Ötən il plantasiyalardan 4295 ton məhsul istehsal edən üzümçülər cari ildə də bol məhsul əldə etmək əzmindədirlər və bunun üçün bağlarda aqrotexniki qulluq işlərini davam etdirirlər. Belə ki, bağlar alaq otlarından təmizlənir, cərgəaraları kultivasiya edilir, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri aparılır.
Qeyd edək ki, bir sıra ərazilərdə bağların suvarılması üçün damcılı suvarma sisteminin qurulmasına diqqət artıb. Cari ilin yazında “Aspiland” MMC-yə məxsus 114 hektar üzüm bağına damcı suvarma sisteminin çəkilməsinə başlanılıb. İndiyədək 60 hektar üzüm bağı 3 dəfə suvarılıb, bu da bol məhsul üçün mühüm şərtdir. Qalan sahələrdə də su çəkilişinin qısa zamanda tamamlanması gözlənilir.