İspaniya Kralı Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri ilə görüşüb
Bakı, 23 may, AZƏRTAC
İspaniya Kralı VI Felipe Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, komitənin üzvü və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirakçılar arasında olub. Tədbirdə Avropa ölkələri arasında Olimpiya hərəkatının inkişafı ilə bağlı müzakirələr aparılıb. Həmçinin Olimpiya və yeniyetmələr arasında Olimpiya Oyunları haqqında hesabat çıxışları edilib.
2018-ci il Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat komitələrinin hesabat çıxışı gündəlikdəki məsələlər sırasındadır. “Rio-2016” Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi ilə hazırlıq prosesi, akkreditasiya, Olimpiya kəndi və açılış mərasimi barədə müzakirələr aparılıb.
AOK-un vitse-prezidenti Janez Kocijancic deyib: “Avropa Olimpiya hərəkatının inkişafı üçün keçirilən tədbir faydalı idi. Bu seminarda yaranan mühüm mövzulardan biri də Milli Olimpiya Komitələrinin və idman fəaliyyətinin ən yüksək etik kodeks və vəhdətdə olmasıdır. Buna nail olmaq üçün birlik şəklində çalışmalıyıq. Əlbəttə, biz idmançıları qorumaq üçün mübarizə aparır, dopinqə qarşı mübarizəni gücləndirmək, idmançıları qorumaq və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən atılan səyləri dəstəkləyirik. Mən bu seminara ev sahibliyinə və onun əla təşkilinə görə İspaniya Olimpiya Komitəsinə, xüsusilə də prezident Alexandro Blanko və baş katib Viktor Snchez Naranjoya təşəkkürümü bildirmək istərdim. Əlavə olaraq, bir çox əməkdaşlar və könüllülər bu ilin seminarında iştirak edir. Bu, böyük uğur idi. Əminəm ki, Tarraqonada gələn il Aralıq Dənizi Oyunları keçiriləcək".
Xatırladaq ki, mayın 18-21-də İspaniyanın Tarraqona şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası və 37-ci Seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov iştirak ediblər.