İspaniyanın Baş naziri: Kataloniyanın müstəqilliyi barədə referendum olmayacaq
Bakı, 30 iyun, AZƏRTAC
Kataloniyanın İspaniyanın tərkibindən çıxması barədə referendum olmayacaq.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes parlamentin aşağı palatası - Deputatlar Konqresində çıxış edərkən deyib.
“Müstəqillik barədə referendumu dəstəkləyənlər bu palatanın beşdən üç hissəsini xalqının birliyinə dair konstitusiyanın ikinci maddəsini dəyişməyə inandıra bilməsə və sonra ispanlar bu dəyişikliyi referendum vasitəsilə təsdiqləməsə, heç bir referendum olmayacaq”, - deyə İspaniya hökumətinin başçısı bildirib.
O, həmçinin lideri olduğu İspaniya Sosialist Əmək Partiyasının referendumun keçirilməsinə heç vaxt razı olmayacağını da vurğulayıb.
İyunun 29-da İspaniyanın Baş naziri Pedro Sançes Kataloniya Nazirlər Kabinetinin rəhbəri Pere Araqonesi muxtariyyətin yeni lideri qismində ilk dəfə qəbul edib. Görüşdən sonra krallıqdan ayrılmaq tərəfdarı olan Pere Araqones sentyabr ayında Barselonada Kataloniya böhranının həlli mövzusunda regional və mərkəzi hökumətlərin nümayəndələri arasında görüş olacağını deyib. O, bir daha bölgənin müstəqilliyi barədə referendumun keçirilməsinin lehinə çıxış edib.
Xatırladaq ki, 2017-ci ilin oktyabrında Kataloniyada müstəqillik barədə referendum keçirilib. Referendumda iştirak edən muxtariyyət sakinlərinin 90 faizi İspaniyadan ayrılmağın lehinə səs versə də, İspaniya hökuməti bunu qeyri-qanuni elan edib. Həmin il oktyabrın 27-də Kataloniya Parlamenti müstəqilliyin elan edilməsinə dair qərarı təsdiqləyib. İspaniya hakimiyyəti isə buna cavab olaraq konstitusiyanın əvvəllər tətbiq olunmayan və regionun muxtariyyətini məhdudlaşdırmağa imkan verən 155-ci maddəsini tətbiq edib.