SİYASƏT
İsraildəki Azərbaycan diasporu Novruz bayramını qeyd etmişdir
Bakı, 19 mart (AZƏRTAC). “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyası və İsrailin Azərbaycan Diasporu Komitəsinin birgə təşkilatçılığı ilə Netanya şəhərindəki məşhur “Bakinskiy dvorik” restoranında Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.
Tədbirin keçirildiyi zal Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi bayraq və azərbaycan milli geyimləri ilə bəzədilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bayram tədbirində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü Yeganə Salman qurumun prezidenti Yosef Şaqalın azərbaycanlılara ünvanlanmış təbrik məktubunu oxumuşdur.
Novruzun tarixindən danışan Y.Salman bildirmişdir ki, bu Azərbaycandan köçmüş insanlar üçün, onların harada yaşadıqlarından asılı olmayaraq qeyd etdikləri ən dəyərli bayramlarındandır.
İsrailin Azərbaycan Diasporu Komitəsinin nümayəndəsi Rüfət Nadir Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
İsrailin Azərbaycan Diasporu Komitəsinin digər nümayəndəsi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut azərbaycanlıların milli ruhunun ən bariz nümunəsi olan Novruz bayramının sovet hakimiyyəti illərində qadağan olunduğunu qeyd edərək Azərbaycan diasporunun nümayəndələrini İsraildə yaşasalar da, Azərbaycanın milli bayramlarını, eləcə də Azərbaycan xalqının yaşadığı faciələri heç vaxt unutmamağa çağırmışdır.
Tədbirdə Azərbaycan milli geyiminin elementlərinə dair viktorina keçirilmişdir. Qaliblərə Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuş kitab və disklər verilmişdir.
Bundan əlavə, Azərbaycan rəqslərinin ən yaxşı ifaçısı müsabiqəsi də keçirilmişdir. Qalibə Azərbaycan xalq mahnılarından ibarət DVD-karaoke təqdim olunmuşdur.
Novruzun qeyd olunması İsraildə yaşayan azərbaycanlılar üçün ənənəyə çevrilmişdir.
Tədbirdə Novruzun əsas atributları olan səməni və xonça ilə bəzədilmiş bayram süfrəsi açılmışdır.
İştirakçılar qeyd etmişlər: “İlk dəfədir ki, Novruz bayramı İsraildə bu cür geniş qeyd olunur”.
Sonda konsert proqramı olmuşdur.
######