İsveçrədə “Xocalı həftəsi“ təşkil edilib
Bern, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bu faciə ilə bağlı İsveçrədə məlumatlılığın artırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir.
Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə səfirliyin dəstəyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Q.Nəsirovun təşkilatçılığı ilə bu ölkənin şəhərlərində “Xocalı həftəsi” təşkil edilib. “Xocalı həftəsi” çərçivəsində üzərində soyqırımı nəticəsində qətlə yetirilən uşaqların fotoşəkilləri olan maketlərdən ibarət sərginin göstərilməsinə başlanılıb.
İlk tədbir fevralın 25-də Cenevrənin mərkəzi meydanında baş tutub.
Qeyd edək ki, maketlərin üzərində qətlə yetirilmiş uşaqların şəkilləri və Xocalı faciəsinin tarixini göstərən QR kodlar yerləşdirilib. Eyni zamanda, maketlərin üzərində broşürlər üçün xüsusi yer ayrılıb. Belə ki, onların bir tərəfində Xocalı soyqırımı ilə bağlı məlumat, digər tərəfində isə sülhü təmsil edən oriqami əks olunan broşürlər hazırlanıb. Məqsəd müxtəlif yaş qruplarına daxil olan sakinlərin, xüsusilə uşaqların diqqətini cəlb etməkdir. Broşürlərin üzərində soyqırımının tanınması ilə bağlı əhaliyə müraciət ünvanlanıb.
Cenevrədə baş tutan sərgi sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Onlara Xocalı faciəsi ilə bağlı ətraflı məlumatın yer aldığı broşürlər təqdim edilib, erməni vandalizminin qınanılmasının vacibliyi qeyd olunub.
Belə sərgilər Bern, Sürix və Bazel şəhərlərinin mərkəzi meydanlarında da keçiriləcək. COVID-19 pandemiyası ilə əlaqədar irimiqyaslı tədbirlərin həyata keçirilə bilmədiyi dönəmdə bu formatda tədbirlərin keçirilməsinin məqsədəuyğunluğu nəzərə alınıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern