İsveçrəli diplomat Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumatlandırılıb
Bakı, 19 may, AZƏRTAC
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın İsveçrənin Azərbaycan və Türkmənistan üzrə akkreditə olunmuş səfiri Filipp Stalder ilə görüşündə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşdə ombudsman çoxşaxəli fəaliyyəti haqqında məlumat verib, dövlət orqanları və vətəndaş cəmiyyəti, QHT-lərlə yanaşı, beynəlxalq təşkilatlar ilə də insan hüquqları sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb, bu qarşılıqlı əlaqələrin gələcəkdə davam etdiriləcəyini bildirib. Ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının uğurla icra olunduğu, bu mühüm sənədin insan hüquqlarının müdafiəsi və təmin olunması üçün böyük imkanlar açdığı, icrası və təbliği ilə bağlı respublikanın hər bir rayonunda ictimai dinləmələrin keçirildiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, dövlətimizin humanist siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində 10 amnistiya aktı qəbul olunub, 61 əfv sərəncamı imzalanıb, nəticədə minlərlə insan ailəsinə, cəmiyyətə qovuşub. Bu ilin mart ayında imzalanmış sonuncu əfv Sərəncamı beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib. Fəaliyyəti dövründə ombudsmanın vəsatətləri üzrə ümumilikdə 518 məhkum, o cümlədən qadınlar, yeniyetmələr, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb.
Səfir ombudsmanın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib, təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Müvəkkil də əməkdaşlıqda maraqlı olduğunu söyləyib, bunun üçün ilk növbədə prioritet istiqamətlərin müəyyən edilməsinin zəruriliyini vurğulayıb, səfirin suallarını cavablandırıb.