İtaliya nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycanda rəsmi səfərdə olan İtaliya Respublikasının iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Azərbaycan paytaxtının mənzərəsini seyr edən İtaliya nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.