İtaliyalı tədqiqatçıların Azərbaycanla bağlı məruzələri maraq doğurub
Berqamo, 28 noyabr, AZƏRTAC
Berqamoda İtaliyada Mərkəzi Asiya və Qafqaz üzrə Tədqiqatlar Assosiasiyasının (ASİAC) illik konfransı keçirilib.
Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı, professor Karlo Frappi tədbirdə “Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı. Enerji amilinin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, konfrans iştirakçılarına TAP və TANAP layihələri, regiondakı siyasi vəziyyət, Azərbaycanın enerji siyasəti və hazırkı iqtisadi inkişafı barədə ətraflı məlumat verib.
Venesiyanın Ka Foskari Universitetinin Asiya üzrə Araşdırmalar şöbəsinin aparıcı tədqiqatçısı Erika Yaniro “Azərbaycan dilində oxumaq. Əlifba islahatından on beş il sonra kitab sektoru” mövzusunda çıxışında Azərbaycanda müxtəlif dövrlərdə əlifba dəyişikliklərindən, xüsusilə də 1991-ci ildə müvafiq istiqamətdə həyata keçirilən islahatlardan danışıb.
Sonra ASİAC-ın illik fəaliyyəti, həyata keçirilən layihələr və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Berqamo