İtaliyanın “LUISS Guido Carli” Universitetinin tələbələrinə Azərbaycan haqqında təqdimat edilib
Roma, 20 mart, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfirliyinin Mədəniyyət Mərkəzində “LUISS Guido Carli” Universitetinin Siyasi Elmlər Assosiasiyasının tələbələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı səfir Rəşad Aslanov tərəfindən tələbələrə ölkəmizin tarixi, regionda rolu, postmünaqişə dövrü və xarici siyasət prioritetləri, həyata keçirilən aktual regional enerji və nəqliyyat layihələri barədə təqdimat keçirilib, həmçinin İtaliya və Azərbaycan münasibətlərinə dair ətraflı məlumat verilib.
Eyni zamanda, tələbələrə İtaliya-Azərbaycan Universiteti, Azərbaycanda təhsil imkanları, o cümlədən ADA Universiteti tərəfindən xarici tələbələr üçün təklif olunan “Əlimərdan bəy Topçubaşov təqaüd Proqramı” barədə geniş məlumat təqdim olunub.
Təqdimat zamanı münaqişəyə dair tələbələri maraqlandıran bütün nüanslar, o cümlədən digər məsələlər barədə suallar cavablandırılıb.
Sonda tələbələr Azərbaycanın Mədəniyyət Mərkəzi ilə tanış olub və onlara səfirlik tərəfindən ölkəmiz haqqında italyan dilində müxtəlif kitablar təqdim edilib.
Qeyd edək ki, 1995-ci ildə yaradılmış və İtaliya Senatı və Deputatlar Palatası ilə aktiv təmasda olan Siyasi Elmlər Assosiasiyasının məqsədi universitet tərəfindən tələbələri siyasi həyata cəlb etməkdir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma