IX ZİRVƏ GÖRÜŞÜNÜN İŞTİRAKÇILARI HEYDƏR ƏLİYEV MUZEY-KOMPLEKSİ İLƏ TANIŞ OLMUŞLAR
Naxçıvan, 2 oktyabr (AZƏRTAC). Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirak etmək üçün Naxçıvana gələn Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev oktyabrın 2-də Naxçıvan şəhərindəki Heydər Əliyev muzey-kompleksi ilə tanış olmuşlar.
Ali qonaqlara məlumat verildi ki, burada ulu öndərə aid mindən artıq şəxsi əşya saxlanılır. Geniş sahəsi olan muzey ekspozisiya salonu, kitabxana və fonddan ibarətdir.
Prezidentlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini, onun xalqımızın tarixinə, mədəniyyətinə, incəsənətinə göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillər, habelə ulu öndər haqqında yazılmış kitablarla tanış oldular. Ümummilli liderin xarici ölkələrə və muxtar respublikaya səfərlərini əks etdirən materiallar diqqəti cəlb edir. Buradakı kompyuterlər vasitəsilə ulu öndər Heydər Əliyevlə bağlı istənilən məlumatı əldə etmək mümkündür. Muzeydə dahi şəxsiyyətə aid bir çox məktub, teleqram, rəsmi sənəd də saxlanılır.
Muzeydəki “Yüksəlişə doğru həyat yolu” adlı xalça da kompozisiyası və nəfis toxunuşu ilə diqqəti çəkir. Ekspozisiyaya Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri olduğu dövrü əks etdirən eksponatlar, eləcə də həmin vaxt imzaladığı sənədlər daxildir. Ümummilli liderin Naxçıvanda işlədiyi dövrdə iş otağında istifadə etdiyi çıraq, telefon, qələmdan, habelə o vaxtkı geyim əşyaları, saatı, həmçinin 1930-cu ildə çəkilmiş ailə fotosu əsasında 2000-ci ildə toxunan “Tarix” xalçası da maraq doğurdu.
Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentləri Heydər Əliyev muzey kompleksinin xatirə kitabına ürək sözlərini yazdılar.
######
![]() |
![]() |

