CƏMİYYƏT
İyul-sentyabr ayları ərzində xarici ölkələrdə fəaliyyət göstərən 157 müəssisədə qiymətləndirmə aparılacaq
![İyul-sentyabr ayları ərzində xarici ölkələrdə fəaliyyət göstərən 157 müəssisədə qiymətləndirmə aparılacaq](/files/2023/2/1200x630/16892620756133927350_1200x630.jpg)
Bakı, 13 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin məhsullarının respublikamızın gömrük ərazisinə idxal olunması üçün həmin müəssisələrin təsdiqi prosesi davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması yerində qiymətləndirilmə və ya onlayn formatda həyata keçirilir.
Bununla əlaqədar olaraq bu ilin iyul ayı ərzində Rusiya Federasiyası və Belarus Respublikasına məxsus qida obyektlərindən qiymətləndirmə hesabatları yekunlaşan 4 xarici obyektdən 3-ü təsdiq, 1-i isə şərti təsdiq edilib.
Hazırda qiymətləndirmə aparılmış xarici qida obyektlərindən qiymətləndirmə hesabatları yekunlaşan 54 xarici obyektdən 32-si təsdiq, 17-si şərti təsdiq edilib, 1-i ilə əlaqədar təsdiqdən imtina verilib və 4-ü ilə bağlı isə təkrar qiymətləndirmənin aparılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, bu ilin iyul-sentyabr ayları ərzində 47-i yerində, 110-u onlayn formatda (həmin ölkələrin aidiyyəti qurumları ilə razılaşdırılmış siyahı əsasında) 157 müəssisədə qiymətləndirmə aparılması nəzərdə tutulur.