SİYASƏT
Kamilə Əliyeva: Fransanın regionu öz nüfuz dairəsinə salmaq siyasəti iflasa uğrayacaq
Bakı, 21 dekabr, AZƏRTAC
Cari ilin oktyabrın 6-da Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Makron, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında keçirilən görüşdə Azərbaycan-Ermənistan sərhədinə mülki missiyanın göndərilməsi barədə təklif irəli sürülüb. Dövlətimizin başçısı siyasi iradə və böyük qətiyyət nümayiş etdirərək missiyanın Azərbaycan ərazisində hər hansı fəaliyyət göstərməsinə razılıq verməyib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
O bildirib ki, Paşinyanın Avropa İttifaqı missiyasının Ermənistan sərhədində fəaliyyət göstərməsinə razılıq verməsi bu dövlətin başqalarının əlində oyuncaq olduğunu bir daha sübut edir. Əvvəlcə Rusiya və İrandan imdad uman Ermənistan indi də ikiüzlü siyasət yeridərək Avropa İttifaqı və Fransaya üz tutub. Bu siyasət gözlənilən idi. Çünki Paşinyanı hakimiyyətə Fransadakı erməni lobbisi, Fransa hökuməti və Sorus Fondu gətirib.
Deputatın sözlərinə görə, Avropa İttifaqı Şurasının Gürcüstandakı monitorinq qrupunun Ermənistana uzunmüddətli göndərilməsi barədə təşəbbüslə çıxış edən Fransanın işğalçı ölkə olması heç kimə sirr deyil. Məqsəd Ermənistanda Avropa İttifaqı missiyasının vaxtının uzadılması və sonda Cənubi Qafqaz bölgəsini nəzarət altında saxlamaqdır.
K.Əliyeva Avropadakı ermənipərəst qüvvələrin və Fransanın bu səylərinin mənasız və cəfəng bir plan olduğunu qeyd edib: “Bu gün Azərbaycan tək bölgədə deyil, dünyada güclü və hər gün nüfuzu artmaqda olan bir ölkədir. Fransanın bu regionu öz nüfuz dairəsinə salmaq siyasəti iflasa uğrayacaq. Avropa İttifaqının missiyasının Ermənistanda yerləşdirilməsi haqqında qərarı Azərbaycan dövləti üçün heç bir əhəmiyyət kəsb etmir”.