KATV1 şirkəti də koronovirusla qlobal mübarizəyə qoşulub
Bakı, 22 mart, AZƏRTAC
Ölkənin aparıcı kabel televiziya operatorlarından biri olan KATV1 (AG Telekom şirkətin ticarət nişanı) bütün dünyada geniş yayılan COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub. KATV1 dövlətimizin başçısının təşəbbüsünü dəstəkləməyi özünə borc bilərək, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli müvafiq Fərmanına uyğun olaraq yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 (yüz min) manat məbləğində vəsait ayrılmasına dair qərar verib.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına uyğun olaraq KATV1 korporativ sosial məsuliyyət strategiyalarına əsasən koronavirusla mübarizə, o cümlədən onun qarşısının alınması üçün fevral ayının sonlarından başlayaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirir. İşçi heyətin, müştərilərin və tərəfdaşların təhlükəsizliyinə böyük önəm verən KATV1 bütün zəruri tədbirləri həyata keçirir. Ofislər və müştəri xidməti mərkəzləri mütəmadi dezinfeksiya edilib, dezinfeksiya vasitələri ilə təchiz olunub və işçilərə tibbi maskalar paylanılıb, iş yerləri xüsusi təmassız termometrlərlə təchiz olunub və girişdə işçilərin temperaturunun ölçülməsi təmin edilib. Bununla yanaşı, işçi heyətin böyük hissəsi “evdən iş” rejiminə keçirilib, bunun üçün zəruri imkanlar və onlayn həllər təqdim edilib, tədbirlər və iclaslar onlayn rejimə keçirilir. Həmçinin ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə olaraq, KATV1 öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:
- Online Müştəri Xidmətləri (www.katv1.az saytının vasitəsi ilə);
- +994 50 999 91 27 və +994 50 888 81 27 nömrələrində aktivləşdirilən “Whatsapp” çat xidməti;
- KATV1 rəsmi https://www.facebook.com/katv1.az/ və https://www.instagram.com/katv1_az/ səhifələri;
- 24 saat fəaliyyət göstərən KATV1 Çağrı Mərkəzi (127).
Çalışmalarımızın məqsədi müştərilərimizə ən yüksək texniki xidmət göstərmək üçün şəbəkənin etibarlılığını artırmaqdır. KATV1 operativ qərargahın təlimatlarına uyğun olaraq ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif öhdəliklərə əməl olunmasına davam edəcəkdir.
Fəaliyyət göstərdiyi 15 il ərzində şirkət ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında özünün korporativ sosial məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub.