Kaxa Şengeliya: Azərbaycan universitetləri ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik VİDEO
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan təhsilin sürətlə inkişaf etdiyi dövlətlər sırasında əhəmiyyətli yer tutan ölkələrdən birinə çevrilməkdədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda beynəlxalq təhsil konfransında iştirak edən Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) prezidenti Kaxa Şengeliya bildirib.
UPBA-nın Azərbaycandan beş üzvü olduğu söyləyən K.Şengeliya vurğulayıb ki, bugünkü konfransın işində Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka, Ukrayna və digər ölkələrdən 60-dək rektor və digər mötəbər qonaqlar iştirak edirlər.
O deyib: “Azərbaycan universitetləri ilə əməkdaşlıqdan məmnunuq və bu əməkdaşlığı davam etdirmək niyyətindəyik. Bakı kimi gözəl və müasir şəhərdə belə mötəbər tədbirdə iştirak etdiyimiz üçün çox şadıq. Konfransın təşkilatçılarına və bizi bu tədbirə dəvət edən nümayəndəmizə minnətdarlığımızı bildiririk”. Qonaq konfransın təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli platforma olduğunu bildirib.
UPBA-nın prezidenti bildirib ki, o, qonşu Gürcüstanda böyüyüb və orada təhsil aldığı üçün Azərbaycanda təhsil barədə kifayət qədər məlumatı var. O, hazırda təmsil etdiyi Almaniya, Avstriya, Hindistan, Çin və Meksika kollec və universitetlərini də bu barədə məlumatlandırmaq baxımından konfransın çox faydalı olacağını diqqətə çatdırıb.