REGİONLAR
Kənd yaşayış məntəqələrində dezinfeksiya işləri aparılır
İsmayıllı, 28 mart, AZƏRTAC
İsmayıllıda koronavirus (COVID-19) təhlükəsinə qarşı mübarizə tədbirləri davam edir. Hazırda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə gigiyena və epidemiologiya mərkəzinin işçiləri kənd yaşayış məntəqələrində çalışırlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son iki gündə rayonun Talıstan, Təzəkənd, Kürdmaşı, Diyallı, Keyvəndi, Cülyan, Müdri, Həftəsov, Zərnava və Əhən kəndlərində dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri yaşayış məntəqələri ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların inzibati binalarında, əhalinin daha çox istifadə etdiyi küçələrdə, ticarət və iaşə obyektlərində xüsusi dərman preparatlarından istifadə olunmaqla həyata keçirilib.
Bundan əlavə, təhlükəli infeksiyaya qarşı mübarizə çərçivəsində yaşayış məntəqələrinin sakinlərinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın müvafiq qərarları barədə məlumat verilib və onlara tətbiq edilən məhdudiyyətlərə əməl etmələrinin zəruriliyi bildirilib. Yaşayış məntəqələrində sakinlərə maarifləndirici bukletlər paylanıb.