Kenzo Şirai: Azərbaycanın çox güclü gimnastları var
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycanın digər idmançılara ciddi rəqib ola biləcək çox güclü gimnastları var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində idman gimnastikası üzrə üçqat dünya çempionu Yaponiya gimnastı Kenzo Şirai deyib.
Kenzo Şirai Bakıda keçiriləcək dünya kuboku yarışlarında uğurla çıxış etmək niyyətindədir. Bildirib ki, bu il Olimpiya ili olduğundan, məqsədim bütün turnirlərdə müvəffəqiyyətlə iştirak etməkdir. Qarşıdan gələn kubok yarışında da qızıl medal qazanmağa çalışacağam. Yarışda əsas rəqiblərim Yaponiya yığmasından olan komanda yoldaşlarımdır. Lakin Azərbaycanın da çox yaxşı gimnastları var. Oleq Stepko çox güclü gimnastdır, onun potensialı hələ Londonda keçirilmiş Olimpiya Oyunlarından bəllidir. Hesab edirəm ki, həmçinin o, da yarışlardakı əsas rəqiblərdən biridir.
Kenzo Şirai deyib: “Yaponiya komandası dünya kubokunda birinci yeri qazanmaq məqsədini qarşısına qoyub. Eyni zamanda, hansı yeri tutmağımızdan asılı olmayaraq, bizim üçün əsası odur ki, yarışlarda layiqli çıxış edək və nəyə qadir olduğumuzu göstərək”.
İdman gimnastikası üzrə dünya kuboku yarışları fevralın 19-21-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarışda 19 ölkəni təmsil edən 44 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaq.
Turnirdə favoritlər arasında dünya çempionatının paralel qollar üzərində yarışlarında bürünc medalçısı, “Bakı-2015” ilk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan atleti Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır.
Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edəcək.