Kiyevdə “Millətin atası” kitabının təqdimatı olub
Kiyev, 23 aprel, AZƏRTAC
Ukraynada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Millətin atası" adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC-ın məlumatına görə, "Millətin atası" kitabının müəllifi Ukraynanın hüquq elmləri doktoru, professor, soydaşımız Arif Quliyevdir.
Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının Ümumdünya Tarixi İnstitutunda ölkənin elm ictimaiyyətinin, diplomatların, ziyalıların iştirakı ilə keçirilən təqdimatda çıxış edən kitabın müəllifi Arif Quliyev çıxışında Ümummilli Liderin liderlik keyfiyyəti və Azərbaycan xalqı, dövləti üçün gördüyü işlərdən danışıb.
Təqdimata video formatında qoşulan Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, kitabxana müdiri Lətifə Məmmədova, hüquq elmləri doktorları, professorlar Əmir Əliyev, Namiq Əliyev çıxışlarında Ulu Öndərin millət və dövlət qarşısında misilsiz xidmətlərindən danışıblar.
Daha sonra tədbirdə iştirak edən Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Namiq Niftullayev, Milli Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Andrey Kudryaçenko, ukraynalı siyasətçi, sabiq deputat Volodimir Litvin, Ukraynanın siyasi və ictimai xadimi, hüquq elmləri doktoru Vasili Kositski və digərləri çıxışlarında Heydər Əliyevin Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin qurulmasında göstərdiyi xidmətlərini qeyd ediblər.
Kiyev