Kiyevdə Milli Qurtuluş Günü qeyd olunub
Kiyev, 15 iyun, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günü Kiyevdə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın bu ölkədəki nümayəndəliyinin kollektivləri iyunun 14-də Kiyevdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışan səfir Seymur Mərdəliyev bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.
“Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişafda olan, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələ açılıb. Ölkəmiz ötən dövrdə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. Azərbaycanın ərazi bütövlüyünü bərpa edilib”, - deyə səfir vurğulayıb.
Sonra Ümummilli Lider Heydər Əliyevin səfirlikdəki büstü ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev