KİYEVDƏ NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 23-də ölkəmizin Kiyevdəki səfirliyi və Ukrayna Azərbaycanlıları Konqresi Novruz bayramı münasibətilə konsert təşkil etmişlər.
Ukrayna Təhlükəsizlik Xidmətinin Mədəniyyət evində keçirilən konsertdən əvvəl salondakılar Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin səsləndirilmiş mətnini sürəkli alqışlarla qarşıladılar.
Sonra söz səfir Tələt Əliyevə verildi. Diplomat həmvətənlərimizi gözəl bahar bayramı münasibətilə təbrik edərək, müstəqil, demokratik, çiçəklənən Azərbaycanın yaradılmasında ümummilli lider Heydər Əliyevin tarixi rolunu xüsusi vurğuladı. O dedi: “İndi böyük lider Heydər Əliyevin layiqli varisi - nüfuzlu və Avropa miqyaslı populyar siyasətçilərdən biri olan Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün dünya birliyinə daxili və xarici siyasətdə, həyatın bütün sahələrində misilsiz uğurlar nümayiş etdirir”.
Tələt Əliyev ölkəmizin vətəndaşlarının dövlət başçısına çox böyük etimad və məhəbbətindən danışaraq, dünyamiqyaslı siyasətçi və diplomat, Ukrayna xalqının yaxın dostu kimi onun yüksək nüfuzunu nəzərə çarpdırdı, xatırlatdı ki, martın 17-də Kiyevdə İlham Əliyev ictimai-siyasi fəaliyyətdə “İlin adamı - 2006” adına layiq görülmüşdür.
Rəsmi mərasimdən sonra Azərbaycanın peşəkar və həvəskar artistlərinin, habelə tatar və qaqauz diasporları folklor qruplarının iştirakı ilə konsert oldu. Proqramda Ukraynanın əməkdar artisti, müğənni və “Azərbaycan” musiqili-xoreoqrafiya ansamblının bədii rəhbəri Qurban Abbasov, beynəlxalq rəqs müsabiqələrinin laureatı Bəxtiyar Ağayarov və başqaları uğurla çıxış etdilər. Azərbaycanın xalq artisti Niyaməddin Musayevin çıxışı həmvətənlərimiz üçün əsl sürpriz oldu.
Ukraynalı tamaşaçılar və Kiyevin qonaqları paxlavanın, şəkərburanın, şərbətin də dadına baxa bildilər.