İQTİSADİYYAT
KOBİA Türkiyənin KOB sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır
Bakı, 17 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) prezidenti Nail Olpakla görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, O.Məmmədov qurumun müxtəlif ölkələrin, eləcə də qardaş Türkiyənin KOB sahəsində təcrübəsinin öyrənilməsində və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər, agentliyin fəaliyyəti və dəstək mexanizmləri barədə məlumat verən KOBİA sədri əməkdaşlıq perspektivlərinə dair fikirlərini və təkliflərini bölüşüb.
DEİK-in prezidenti N.Olpak Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət sahəsində uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edib, agentliklə DEİK arasında əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirib.
Görüşdə ölkəmizə investisiya qoyuluşunun genişləndirilməsi imkanları, KOB sahəsində birgə layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.