Konfrans Liqası: "Zirə" mübarizəni dayandırıb - YENİLƏNİB
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” II təsnifat mərhələsində cavab oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Bakı klubu Estoniyanın “Payde” komandasını qəbul edib. Sumqayıt şəhər stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 5-ci dəqiqədə "qartallar"ın heyətində Eren Aydın açıb. 71-ci dəqiqədə rəqibin heyətində Henri Anyer tarazlığı bərpa edib.
"Payde" ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi üçün adını növbəti raunda yazdırıb. Rəşad Sadıqovun komandası isə avrokuboklarla vidalaşıb.
20:01
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Sumqayıt şəhərində “Zirə” və “Payde” (Estoniya) komandaları arasında cavab oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.
Qarşılaşmanı Xorvatiyadan olan baş hakim Patrik Kolariç idarə edir.
Qeyd edək ki, Estoniyadakı ilk görüşdə “Zirə” 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi III təsnifat mərhələsində Avstriyanın “Rapid” klubu ilə qarşılaşacaq.